18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu: Nöqsanlar, perspektivlər...


"Ümumiyyətlə, Azərbaycanda vətəndaş cəmiyyəti deyəndə yalnız qeyri-hökumət təşkilatları nəzərdə tutulur. Amma vətəndaş cəmiyyəti daha geniş anlayışdır. Bura icmalar, məktəblər, hər hansı ayrı-ayrılıqda təşəbbüs qrupları və s. bunların hər biri vətəndaş cəmiyyətidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü və Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində görülən işlərdən danışarkən deyib. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətləri kimi tanındıqlarına görə bu istiqamətdə daha çox müzakirələr aparılır:
2014-cü ildə edilən dəyişikliklər aradan qaldırılmalıdır 


"Vətəndaş cəmiyyəti haqqında pozitiv məqam QHT agentliyinin formalaşmasıdır. Bu, yeni bir institutdur, strategiya, nizamnamə və fəaliyyət sahəsindən artıq aydın olur ki, bu, yeni bir mərhələnin başlanğıcıdır. Çünki əvvəlki kimi çox belə texniki layihələr, işlər deyil, daha konseptual, maraqlı və stateji işlər görülməlidir. Mən QHT agentliyinin müşahidə şurasının üzvüyəm. Orada bizim müzakirələrimizə də baxanda görürük ki, yeni istiqamətlər seçilir. Əvvəllər bu istiqamətlər olmayıb. Amma ümumilikdə götürdükdə bu, vətəndaş cəmiyyəti institutlarının vəziyyətinin yaxşı olmasıdırmı? Deyil. Çünki 2014-cü ildə QHT qanunvericiliyinə dəyişikliklər olunub. Bu dəyişikliyə görə, beynəlxalq təşkilatlar və fondların Azərbaycanda fəaliyyəti məhdudlaşdırıldı. Bu məhdudlaşdırılma nəticəsində çox təəssüf ki, əvvəlki bilik və bacarıqlı, daha konseptual fəaliyyət göstərən bir çox  QHT-lərin də resursları azaldı. Neqativ hallar vardımı, yoxsa bu hökumətin qərarı idi? Bəli, neqativ hallar vardı. Bu qanunun dəyişməsi ilə bağlı çox təəssüf ki, həm tərəfdaşlar, həm beynəlxalq təşkilatlar hökumətə kifayət qədər əsas vermişdi. Amma bu qanundan monitorinq, nəzarət sistemini gücləndirməklə imtina etmək də olardı. Ona görə də pozitiv məqamlar var. Amma vətəndaş cəmiyyətinin vəziyyətini yaxşılaşdırmaq üçün həddindən artıq yeni və çoxlu işlər görülməlidir. 

Birincisi, qanun dəyişməlidir. 2014-cü ildə edilən dəyişikliklər aradan qaldırılmalıdır. Xarici fondların maliyyəsinin Azərbaycana gəlməsi prosesi və QHT-lərin resurslara çıxışı asanlaşdırılmalı, QHT-lərin qeydiyyat prosesi sadələşdirilməlidir, eyni zamanda QHT-lərin özlərinin vətəndaş cəmiyyəti subyektlərinin bilik və bacarıqları artırılmalıdır. Uzun muddətdir ki, bu resurslar olmadığına görə QHT-lər yerlərində sayıblar, onların həm maddi resursları, həm də bilik və bacarıqları artırılmalıdır. Vətəndaş cəmiyyəti nə üçün lazımdır? O, sanki hökumətlə dövlət qurumları, daha doğrusu, vətəndaşla icma arasında bir körpüdür. Bu əlaqəni yenidən bərpa etmək lazımdır. Təəssüf ki, bu gün düşünürlər, QHT-lər ancaq qrant yeyən qurumlardır, heç bir fəaliyyət göstərmirlər. Ancaq qrantdan bəhrələnirlər. Çox təəssüf... Bu hallar varmı? Var. Bu halları aradan qaldırmaq üçün yuxarıda dediyim konkret işlər görülməli və insanlar təşviq edilməlidir ki, QHT-lərlə əlaqəli işləsinlər. Hər şeyi dövlət strukturu etməlidir düşüncəsindən bir az çıxmalıyıq. Vətəndaş cəmiyyəti də bu sahədə bir sektordur, bunu həll etməyə cəhd etməlidir”. 
 


Vətəndaş cəmiyyətinin qarşısındakı bürokratik əngəllər...
"Hüquqi dövlət nə deməkdir? Qanunların yerdə olduğu aydın hakimiyyət bölgüsü və qanunun aliliyi olan dövlətə hüquqi dövlət deyirik. İctimai şuralar var. Mərkəzi hakimiyyət qurumlarına, yerli icra orqanlarına nəzarət edən ictimai şuralar yaranıb. Bu ictimai şura əslində ictimai iştirakçılığın cəm formasıdır. Burada ictimai dinləmələr, ictimai rəy sorğusunun öyrənilməsi də var. Başqa bir məsələ ictimai nəzarət təkcə həmin qurumlarda təmsilçilik deyil, hüquqi pozulan, qanunun işləmədiyi, qanun harda pozulsa, QHT-lər, vətəndaş cəmiyyətləri onu gündəmə gətirməli və bunu ictimai müzakirəyə çıxarmalıdır ki, məmurlar da bu məsuliyyəti hiss eləsinlər. Eyni zamanda hər hansı qanunun bizə verdiyi bir hüquq da var, hər hansı bir qanunvericilik aktının qəbul olunması ilə bağlı biz ictimai müzakirələr təşkil edə bilərik. İctimai müzakirələrin nəticəsində də ayrı-ayrı sahələrə aid qanunvericiliklər daha mükəmməl formada hazırlana bilər. Bu təklifləri biz çox rahatlıqla Milli Məclisə verə bilərik.

Dövlət QHT agentliyini formalaşdırıb. Onun çərçivəsində maddi yardım göstərilir. Dövlətin əsas atacağı addım qanunvericiliyi sadələşdirmək və vətəndaş cəmiyyətinin qarşısındakı bürokratik əngəlləri götürmək... Bu əngəllər götürülsə, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti kifayət qədər töhvə verə biləcək”. 

Qanunvericilikdə dəyişiklik olmalı və təkmilləşdirilməlidir 


Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, 30 illik müstəqillik dönəmində çox ağır, çətin və məşəqqətli bir yol gəlmişik:
"Heç kəs unutmasın ki, biz vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinəcən 30 il yol gəlmişik. İndi dəyərləndirmək olar ki, bəzi nöqsanları, çətinlikləri çıxmaq şərti ilə vətəndaş cəmiyyəti inkişaf etmiş səviyyədədir. Nə qədər maddi, iqtisadi problemlər olsa belə, bizim əldə etdiyimiz təcrübə, yüksəldiyimiz mərhələ doğrudan da təqdirəlayiqdir. Əslində biz artıq QHT hərəkatından vətəndaş cəmiyyəti mərhələsinə qədəm qoymuşuq. Birinci növbədə qanunvericilikdə dəyişiklik olmalı və təkmilləşdirilməlidir. QHT-lərin, vətəndaş cəmiyyətinin fəaliyyətini hər hansı bir formada çətinləşdirən məqamlar varsa, onlar aradan qaldırılmalıdır. Dəfələrlə bununla bağlı təkliflər vermişik. Düşünürəm ki, yaxın gələcəkdə bu təkliflər nəzərə alınacaq. QHT haqqında qanunla əlaqədar olaraq, yəni bizim fəaliyyətimizi tənzimləyən bütün qanunlarda müvafiq təkmilləşdirmə əməliyyatı həyata keçirilməlidir. Bununla da vətəndaş cəmiyyətinin inkişafı üçün münbit şərait yaradılmalıdır”.
 

 
Müəyyən təkliflər aidiyyatı qurumlara təqdim olunub
"Dövlət, özəl və ictimai sektor var. Dövlət sektoru çox inkişaf edib, onun maddi-texniki, kadr bazası kimi çətinlikləri də var. O cümlədən özəl sektor, inkişaf edib. 20-30 ilin təhlillərini aparıb, müzakirəsini edirik. Vətəndaş cəmiyyəti, yəni ictimai sektor bu iki sektorla müqayisə olunanda həm maddi-texniki və kadr bazasına görə əlbəttə ki, bütövlükdə müqayisəolunmaz dərəcədə fərqli bir vəziyyət yaranıb. Biz çox hallarda həmin sektorlardan geri qalmamaqdan ötrü imkanları səfərbər etmişik, öz bilik və bacarıqlarımızı, hətta şəxsi imkanlarımız belə əsirgəməmişik ki, vətəndaş cəmiyyəti öz yerində olsun. Amma bütün bunlarla bərabər, o imkanlar ki, dövlət, özəl sektorlarında var, hətta media sektorunda olan imkanlar belə QHT sektorunda yoxdur. Bunların hamısı vətəndaş cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir. Həm Azərbaycanda, həm də ölkədən kənarda mövcud olan vəziyyətlə bağlı xarici QHT-lətlə rəqabət aparmaqdan ötrü vətəndaş cəmiyyəti və QHT-lər üçün yeni imkanlar yaradılmalıdır. Yeni yaradılmış QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvləri bu haqda görüşlər keçirib, danışıqlar aparırlar. Müəyyən təkliflər var ki, onlar aidiyyatı qurumlara təqdim olunub. Bu istiqamətdə biz yeniliklərin şahidi olacağıq”.

Ölkə prezidenti səviyyəsində daima çağırışlar olur...
"Dünya ölkələrində göstəricilərdən biri də vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyətinin göstəriciləri yaxşı deyilsə, onda ölkədə demokratik dəyərlər, insan hüquq və azadlıqları və digər sosial dəyərlər yerində deyil. O mənada vətəndaş cəmiyyəti hüquqi dövlətin ən əsas göstəricilərindən biridir. Ona görə biz qanunları təkmilləşdirə bilərik, amma real vətəndaş cəmiyyəti institutları beynəlxalq standartlara uyğun tələblərə cavab vermirsə, deməli, bu nöqsanları qısa müddətdə aradan qaldırmaq lazımdır. Vətəndaş cəmiyyəti olaraq beynəlxaq səviyyədə də öz partnyorlarımızla rəqabət apara bilmək və ölkəmizi layiqincə təmsil edə bilmək imkanları əldə etməliyik. Biz bunları bu və ya digər formada edirik, amma indi elə bir mərhələyə gəlib çatmışıq ki, burada biz ciddi qərarlar qəbul etməliyik. Ona görə də ölkə prezidenti səviyyəsində daima çağırışlar olur. Görüsünüz, deyir ki, biz inkişaf edə bilərik, amma şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi, rəqəmsal dövlətin qurulması ən aktual məsələlərdən biridir. Bunun da mərkəzində insan faktoru və vətəndaş cəmiyyəti durur”.

Tarix: 9-07-2021, 12:39


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930