18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
İslamdan öncə Türk qadını


İslamdan öncə türk qadınının toplumda özəl yeri vardı. Qadının toplumdakı özəl yeri hələ islamın gəlişindən sonra da bir neçə yüzil qorunub saxlanmaqdaydı. Ortaçağ İtaliya səyahətçisi Orta Asiyanı gəzmiş Morko Polo (1254-1324) türk qızlarının üstün mövqeyindən, ömür-gün yoldaşı seçimində özgür olmalarından, atanın müdaxiləsi olmadan özlərinin seçdiyindən yazmışdır. Qədim türklər, əsasən də qadını qutsal hesab edən şamanizmin hakim mövqedə olduğu dönəmlərdə toplantılarda dairəvi şəkildə oturarlardı və beləliklə qadınların və kişilərin bərabər hüququ təmin edilmiş olardı. özəl törənlərdə də bir qadın bir kişi olmaqla əl-ələ tutaraq rəqs edərdilər, qadınlar da kişilərlə bərabər kımız içərdilər. Əyər erkən orta yüzilliklər ərəb dünyasında ilk övladın qız uşağı olması uğursuzluq hesab edilərək diri-diri dəfn edilir, dəvə qadından daha qiymətli sayılır, qadınlar əşya kimi alınıb- satılır, İngiltərədə 11-ci yüzilliyə qədər qadın «murdar» olduğu üçün «İncil»ə əl vura bilməzdisə, çində boşanma haqqı sadəcə kişiyə məxsus idisə və ilk dönəmlərdə Budda dininə qadınlar qəbul edilməyib aşağılanırdısa, əski türklərdə qadını xaqanla birlikdə dövləti yönəldirdi.
Qədim Babilistanda qadınlar özlərinin pəncərəsi olmayan otaqlarını tərk edərək küçəyə çıxa bilməzdilər.. Kişilərin söhbətinə qoşulmağa, fikir bildirməyə hüquqları rəsmən yox idi. Hətta, onlar ailənin kişi üzvləri ilə eyni süfrədə çörək yeyə bilməzdilər. çörək yeyilən zaman onlar ailənin kişi üzvlərinin qulluğunda hazır vəziyyətdə durmalı idilər. Bu zaman onların oturmaq hüququ da yox idi.
Yəhudilərdə isə qadının durumu daha acınacaqlı idi. Ər arvadından incisəydi onu boşaya bilərdi. Qadının isə heç bir halda boşanma hüququ yox idi. Arvad ərinə xəyanət edərdisə daş-qalaq edilərək öldürülürdü. Kişi istədiyi qədər arvad ala bilərdi. Poloqamiya (çoxarvadlılıq) ən geniş şəkildə məhz yəhudilərdə yayılmışdı. Miladdan öncə 955-935-ci illərdə hakimlik edən yəhudi kralı Süleymanın 700 arvadı var idi.
Qədim Romada qadın qeyri-yetkin , ağıldan nöqsanlı varlıq sayılırdı. Qadın mülk sahibi ola və vəsiyyət edə bilməzdi. Qadın dul qalırdısa bir daha evlənmək hüququ yox idi.
Bəşər sivilizasiyasının beşiklərindən biri sayılan antik Yunanstanda qadın şərin təmsilçisi sayılırdı. Miladdan öncə 5-ci yüzillikdə yaşamış məşhur faciə ustası Evripid poemalarının birində Zevsə müraciətlə belə yazır:
Nə üçün ey Zevs, sən, insanlara dərd verdin qadını yaratmaqla?
Əgər insan nəslini dünyaya gətirmək istəmirdin,
bəyəm bu xain təbəqəsiz keçinə bilməzdinmi?
Qadınlar – şərdir, buna çoxlu sübut var,
Ata, doğma qızını başdan eləmək üçün,
Onun adaxlısına qızı üçün cehiz verir…” – deyirdisə;
əski türklərdə isə qadını xaqanın ilham və güc qaynağı idi. Ən əski türk inanclarından birinə görə Xaqan və qadını (Xan və Xatun) Göy övladlarıdı. Beləliklə, qadın Xaqana bərabər tutulur və qutsallaşdırılırdı. Əski türklərdə qadın kişinin silahdaşı, etibarlı dostu və dayağı idi. Bunun izlərini dastanlarımızda aydın şəkildə görmək mümkündür. «Dədə Qorqud dastanları»ndan bəlli olur ki, qadını Dəli Domrulun əvəzinə canını verməyə hazırdır. Türk qadını həm də döyüşçü idi. Ərənlər kimi onlar da çox yaxşı at minir, qılınc oynadır, güləşə bilir və bəzən onunla evlənmək iddiasında olan ərənlərə at minməkdə, qılınc oynatmaqda, güləşməkdə və bir sözlə yarışda onu yenəbiləcək igidlə evlənəcəyi şərtini qoyur. Bunun da izlərini Bamsı Beyrək boyunda və gerçək tarixə dayanan Nihal Atsızın «Bozqurdlar» romanında görürük. Qadına sayğı bütün türk boylarında yüksək səviyyədə olmuşdur. Qazax türklərinə məxsus bir atalar sözündə «birinci zənginlik sağlamlıq, ikinci zənginlik qadındır» deyilirsə, Qırğız türklərinə məxsus «Manas»da qadın evin, ailənin namusunun qoruyucusudur. İslam öncəsi heç bir türk toplumunda qadınsız qərar verilməzdi. Qadın kişinin tamamlayıcısı sayılardı. özəl törənlərdə və digər dövlətlərin elçilərini qəbul edərkən qadınları xaqanların solunda əyləşər və dartışılan mövzularda qadın da elçi, dövlət yönədiciləri və xaqanla birgə düşüncələrini ortaya qoyardı. Qadın bəzən xaqan adına başqa dövlətlərlə danışıq aparardı. Tarixi qaynaqlarda çin ilə barış anlaşmasını Hun İmperatorluğu adından Mete xanın qadınının imzalaması haqqında bilgilər var. Eyni zamanda Avropadan Hun dövlətinə gələn elçiləri Atillanın qadını Arığ xatun qəbul edərdi.
Haşiyə: Orta məktəblərin 3-cü sinifləri üçün hazırlanmış «Həyat bilgisi» dərsliyində yanlış olaraq öyrədilir ki «…dünyada qadınların hüquqları uzun illər tapdalanmışdır. Qadınlara ikinci dərəcəli adamlar kimi baxmışlar. Heç kim qızı olmasını arzulamırdı. İslam dini yayılanda Şərqdə qadınların vəziyyəti xeyli yaxşılaşdı». (3-cü sinif üçün «Həyat bilgisi» Bakı-2010, səh.63)Yəni din qadınlara hüquq verdi. Ancaq aydınlaşdırılmır ki, İslamdan öncə hansı qadının hüququ yox idi və din hansı qadınlara hüquq tanıdı? Dinin meydana gəlməsi ilə ərəb dünyasında qadınlar hüquq qazanmış oldu. Qız uşaqları diri-diri basdırılmaqdan xilas oldu. İki qadın bir kişiyə bərabər tutulsa da qadının da şahidlik etmə haqqı tanınmış oldu. Hansı ki İslamdan öncə ərəb dünyasında qadının ümumiyyətlə heç bir hüququ yox idi. Ərəb kişisi üçün qadınla cansız əşyanın dəyərində fərq yox idi. O yalnız nəsil artırmaq və ehtiyac ödəmək üçün yaradılmış xidmətçi varlıq idi. Din ərəb qadınına dəyər verdi və ona bir sıra hüquqlar tanımış oldu. Lakin, bunu türk qadınına aid etmək olmaz. çünki, İslamın türk dünyasına gəlişi ilə türk qadının hüquqları xeyli məhdudlaşdırılmış oldu. Dünənə qədər at belində gəzən, qılınc oynadan, kişilərlə güləşən, Ərinin tək qadını olan türk qadını yavaş-yavaş arxa plana keçməyə, ikinci dərəcəli insana çevrilməyə başladı. Türk saraylarında hərəmxanalar yaranmağa, başçıların çox qadın alması adət halını almağa başladı, qadınlar qara çadraya gizlədildi, boşanma haqqı yalnız kişilərə aid oldu. Osmanlı sultanlığında bu adətlərin əsası Sultan Fatehin dönəmində qoyuldu. Bir zamanlar Kül Təkinlə birgə Göytürk dövlətini yönətən anası Bilgə xatun, qadını Kutlu sultan yüz illər sonra idarə olunan yazıq, hüquqsuz məxluqa çevrildilər…
Əski türklərdə;
Dünyanın bir çox yerində qadının heç bir hüququ olmadığı çağda türk qadınının miras haqqı vardı, hər bir qadının özünə məxsus mülkü və mülkdən istədiyi kimi yararlanmaq haqqı vardı.
Qadının da kişilər kimi boşanma haqqı vardı, kişi qadınını boşaya bildiyi kimi qadın da ərini boşaya bilərdi.
Xaqanın göstərişi yalnız «Xaqan buyurur…» ifadəsi ilə başlardısa
keçərli sayılmazdı. Yazılı əmrlərə xaqanla bərabər xatun da imza atardı və göstərişlər «Xaqan və xatun buyurur…» ifadəsi ilə bəlli edilərdi.
Heredot özünün Tarix kitabında İskit qadınlarının döyüşkənliyindən, cəsarətindən yazır və iskit qızlarının döyüşdə üç düşmən öldürmədən evlənmədiyini qeyd edir.
Qadınlar kişilərdən çəkinmədən çaylarda çimər, örtüyə bürünməzdilər. Nədəni bu ki türklərdə zina etmək yox idi. Türk boylarında bu hala təsadüf olunardısa suçlunun cəzası ikiyə bölünmək idi.
Qadın və kişi hüquqca bərabər idi. Qadının bir əri olduğu kimi, kişinin də bir qadını olurdu. Qadın hökmdar, qalanın qorquqçusu, dövlətin elçisi, əsgər, ordu başçısı və hərbi şuranın üzvü ola bilirdi.
Kişilər evlənmək istərkən ən yaxşı qılınc oynadan, ox atan, at çapan, ən yaxşı döyüşən və güləşən qadına üstünlük verərdilər. Eyni zamanda qadının da bütün bunları ən yaxşı bacaran igidi gələcək əri olaraq seçmək hüququ vardı. Qızlar döyüşdə onları yenə bilməyən kişi ilə əsla ailə qurmazdı.
Bilgə Xaqan kitabəsi «Sizlər anam xatun, böyük analarım…» sözləri ilə başlayır.
Əski türk mifologiyasında Ağ Ana, Kubay Ana, Gün Ana, Umay Ana, Maygıl Ana, Od Ana, Su Ana, Yel Ana, Ulu Ana kimi obrazlar da qutsal qoruyucular- ilahələdrir. Ərgənəkon dastanında türklərə yol göstərən də məhz Ana qurd – Asenadır.
Əski türklər xaqanı və xatunu Göylərin övladı sayaraq qutsallaşdırır. Bu, Oğuz dastanında belə anladılır:
Oğuz xaqan bir yerdə Tanrıya yalvarırkən,
Qaranlıq oldu birdən, bir işıq düşdü göydən!
Elə bir işıq endi, parlaq Aydan, Günəşdən.
Oğuz xaqan yeridi yaxınına işığın,
Oturduğunu gördü qarşısında bir qızın…
Bu Göy qızı ilə evlənən Oğuz ondan olan övladlarına Gün, Ay, Ulduz adlarını verir.
Əski türk qadını yaxşı həyat yoldaşı, ərinə arxa, dayaq olmaqla bərabər daha öncə vurğulandığı kimi tarixlərdə silinməz iz buraxan döyüşçülər idi. İskit türkləri qız uşaqlarını kiçik yaşlarında döyüşçü kimi böyüdürdülər. İskit qadınları döyüş yolu keçmədən, evlənməzdən öncə əri olacaq kişi ilə yarışmadan evlənməzdilər. İskit qızı ilə evlənmək istəyən kişi mütləq onu yenməliydi.
Qədim yunan mifologiyasında haqqında heyranlıqla danışılan Amazon qadınlarının Orta Asiya kökənli döyüşçü türk qadınları olduğu artıq çoxlarında şübhə doğurmur. Kaliforniya Universitetinin professoru arxeoloq Kimbal yunan mifologiyasının cızdığı konturlarla amazon qadınların izinə düşür. Qafqazda da amazonların iziylə rastlanan, Altay dağlarının ətəklərini, Qazaxstanı və bütün orta Asiyanı Monqolstana qədər gəzən arxeoloq açdığı onlarla kurqan içərisində savaşçı amazon kurqanlarının da olduğunu kəşf etmiş və bir az da irəli gedərək yunan mifologiyasında sarışın olduğu təsvir edilən amazon döyüşçü qadının sümük qalıqları ilə Altay dağlarının ətəklərində yaşayan 9 yaşlı bir qızı test etdirmişdir. Sonuc demək olar ki, 3 min il əvvəl yaşamış amazon döyüşçüsünün sümük örnəkləri ilə yüz faiz üst-üstə düşmüşdür. Son zamanlar döyüşçü amazon qadınlarının ilk məskəninin Qobustan olduğunu iddia edən və isbatlamağa çalışan araşdırmaçılar da var (Bax: N.Atəşi «Olimpiadanın beşiyi-Qobustan» «525-ci qəzet» 08.08. 2009-cu il, http://www.azerbaycanli.org/az/news-307.html).
ümumtürk tarixində önəmli yer tutan Kirin hakimiyyətinə son vermiş Tomris Xatun, Bizans qaynaqlarından gələn bilgilərə görə 6-cı yüzillikdə yüz minlik orduya başçılıq edən Suvar türkü Boğaruq Xatun, Göytürk xaqanı Tonyukukun qızı Xaqan Xatun (8-ci yüzillik), Kül Tikinin anası Bilgə Xatun, qadını Kutlu Sultan (8-ci yüzillik), 18-ci yüzillikdə çinlilərə qarşı savaşmış, haqqında yaponların film çəkdiyi uyğur türkü Dilşad Xatun, ruslarla savaşan və əsir düşdüyündə namusunu qorumaq üçün özünü xəncərlə öldürən Toxtamış xanın nəvəsi Böyük (Büyükə, Bikə) Xatun, 1236-1240-cı illərdə Dehli Türk Sultanlığına başçılıq etmiş Raziyə Bəyim sultan, Kırım xanı Kərim Girayın qadını, ruslarla savaşda şəhid olan Əminə Banu, dünyanın ilk qadın savaş pilotu Səbihə Gökçən və digər onlarla qəhrəman türk qadını ayrıca araşdırmanın və geniş söhbətin mövzusudur.
Bu millət min illər öncə Altay dağlarının ən uca zirvəsinə «Qadınbaşı» ismini verdi. Ən uca bildikləri məqama verilən bu ad əski türklərin qadına verdiyi dəyəri simvolizə edirdi.
Namiq Hacıheydərli

Tarix: 8-06-2021, 14:34


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
4-06-2021, 10:50 Ziyalı kimdir?
24-05-2021, 14:18 Maraqlı faktlar
6-06-2021, 16:29 Kimdir müqəssir?