18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Sürüş Suruş

«Vətəndaş həmrəyliyi» qəzetində Suruş imzasıyla «Anarxizmin payızı» adlı yazı dərc olunmuşdu. Müəllif yazırdı ki, küçənin ac - yalavac pişikləri də Yazıçılar Birliyinə yaxın düşmək istəmir. Qeyd olunmalıdır ki, Yazıçılar Birliyinin toplantısında doğrudan da pişiklər, o cümlədən Suruş iştirak etməyib. Pişiklər bu barədə səslərəni çıxarmadıqları halda (bəlkə də hardasa miyoldayıblar), Suruş iştirak etmədiyi toplantı haqqında xeyli abdal laf söyləyir. Anarxizmə (oxu: Anarizmə) qarşı yazdıqları heç cavaba da layiq deyil. Amma iş ondadır ki, Suruş cızığından çıxıb böyük klassiklərimizə - Mirzə Fətəli Axundzadəyə və Mirzə Cəlil Məmmədquluzadəyə də əl uzadır, dil uzadır. Fətəlişünaslarla cəlilşünaslar «dəymə mənə, dəymərəm sənə» əqidəsinə sadiq qalaraq sükutə qərq olduqları üçün bilavasitə böyük klasskilərimizin özlərinə - müraciət etməli olduq. 

XIX əsrdə yaşamış, özünü «Şəms - üş şüara», yəni «Şairlərin günəşi» adlanıdıran iddialı və istedadsız qrafoman Suruşu Mirzə Fətəli hələ öz dövründə damğalamışdı. Suruşu özlərinə qaymar bilib, ustad seçib bu günümüzə gətirən müasir suruşlara ən tutarlı cavabı elə Mirzə Fətiəli və Mirzə Cəlil özləri verə bilər. Müxbirimiz əvvəlcə Mirzə Fətəlidən, sonra Mirzə Cəlildən Suruşun bu cəfəngiyyatı barədə soruşmuşdur. Qeyd edək ki, belə əsrləri aşan mükalimədən Mirzə Fətəli özü də tarixiçi Rzaquluxana iradlarını bildirərkən istifadə etmişdir. Müxbir: Hörmətli Mirzə Fətəli, Suruşun yazısında Sizin haqqınızda da kəskin tənqidi atmacalar var. Bu barədə nə deyə bilərsiz? Mirzə Fətəli: Qəzeti alıb oxuduğum zaman ürəyim elə sıxıldı ki, qan başıma vurdu, xəcalətdən başımı aşağı saldım və mat - mütəhəyyür qaldım. Bir andan sonra bu ifadəyə görə çarəsiz üzr istədim ki, bu şair dəlidir. Onun sözünə etina etməyin. Müxbir: Yəni tənqid Sizə belə ağır təsir edib? Mirzə Fətəli: Bir şəxs bir kitab yazdığı zaman başqa bir şəxs onun əsərlərinin mətləbləri xüsusunda kritika yazır, bir şərtlə ki, onun yazısında müəllif haqqında ədəbsiz və könül incidən bir söz belə olmasın. Hər nə deyilsə, incəliklə deyilsin. Siz bilirsiniz ki, mən şər - şür adamı deyiləm. Lakin əgər bir nəfər hörmətimi saxlamayıb özünü mənim qarşımda ədəbsiz göstərirsə, mən ona nirfrət edərəm və haqqında pis danışmaqdan özümü saxlaya bilmərəm. Qoy əvvəl ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırır. Müxbir: Suruş yazır ki, «Cəlil Məmmədquluzadə, Axundov klassiklərimizi - ənənəvəi Şərq ədəbiyyatımızı sevmir, yeri gəldi-gəlmədi, onu tənqid edirlər. Bu cür çevirmələri Axundovun beş komediyasında da görə bilərik. Nizaminin beşliyi - «Xəmsə»si Axundovun beş komediyasında satira - yumor dilinə «tərcümə edilərək öz təntənəli akademizmini bütövlüklə itirmiş, bayağılaşdırılmışdır». Suruşun bu sözlərini necə qiymətləndirirsiniz? Mirzə Fətəli: Vay Suruş, vay Suruş, bu nə rüsvayçılıqdır ki, sən bizim başımıza gətirirsən? Axı bu ağzı yavalığın sənə nə faydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bələ gülünc oxuna hədəf edirsən?Elə bil ki, bütün dünya tikanlıqdır, təkcə siz bir dəstə qızılgülsünüz ki, bu tikanlığın ortasında bitmişsiniz. Sizin əlinizdən dünyanın hansı tərəfinə baş götürüb qaçaq? Müxbir: Orta məktəb şagirdi də bilir ki, Sizin Mirzə Fətəli, beş yox, altı komediyanız var. Amma Suruş bunu da bilmir və elə hesab edir ki, Siz məhz Nizaminin beşliyinin - «Xəmsə»sinin acığına beş komediya yazıbsınız. . Mirzə Fətəli: Xeyr, ağa, bağışla. Azərbaycan türkcəsində altı komediya, yəni təmsil yazmışam. Allah peyğəmbərinin ağlı qəzet münşisinin ağlı kimi deyildir ki, qəzetin hər bir nömrəsini xarab edib, öz cəfəngiyyatını orada çəm etsin. Mən Suruşun qabiliyyətsizliyini iddia edirəm. Müxbir: Suruş yazır ki, Cəlil də, Axundov da satirik üslublarını rus ədəbiyyatından, Qoqoldan, rus vodevil - felyeton janrından iqtibas ediblər və elə hesab edir ki, maariçi ədəbiyyat böhrana uğrayıb. Bu barədə nə deyə bilərsiz? Mirzə Fətəli: Tənqidin müasir insanların əxlaq və tərbiyəsinin islahı və təkamülündə də tam təsiri vardır. Mən öz əqidəmə görə bu cür əsərləri yazmağımı xalqımı sevməyimin nişanəsi sayıram. Bu kimi yazıların dövlətə, siyasətə və bütün xalqa dəxli yoxdur, istehzaya qoyulanlar, xalqın ayrı-ayrı fərdləridir ki, bu əlbəttə ümumxalq üçün ibrət dərsi olur. Müxbir: Amma axı Siz özünüz də etiraf etmisiniz ki, bütün bu səyləriniz nəticə verməyə də bilər. Sizcə müasirləriniz xidmətlərinizi layiqincə qiymətləndirəcəklərmi? Mirzə Fətəli: Müasirlərimin qanacaqsızlığından təngə gəlmişəm və taqətdən düşmüşəm. Müxbir: Gələcək nəsillərə ümid bəsləyirsiniz? Mirzə Fətəli: Barı qoy gələcək nəsil bilsin. Bəlkə onlar bizim bu arzumuzu həyata keçirsinlər. Lakin onlara da ümidim yoxdur, çünki onlar da bizim müasirimiz olan bu «eşşəklərdən» əmələ gələcəklər. Müxbir (gülür): Hahahaha. Maraqlı söhbət üçün Sizə çox-çox təşəkkür edirəm hörmətli Mirzə. Bu qədər də bədbin olmayın. Müxbirimizin ikinci müsahibi Mirzə Cəlil Məmmədquluzadədir. Mirzə Cəlil müxbirimizin suallarına özünəməxsus şəkildə qısa cavablar vermişdir. Müxbir: Hörmətli Cəlil bəy. . . Mirzə Cəlil (sözünü kəsir) :A kişi, mən doğrusu bəy - zad deyiləm. Bir var əsl bəy,  yəni birisinin atası, babası bəy imişlər - söz yox, bu da bəy olacaq. Amma bir də var qondarma bəy; məsələn, mənim nə atam bəy imiş, nə babam bəy imiş, nə də ki mənə bir yandan bəylik çatıb. Hətta yazıçılarımız da (heç ataları bəyliyin qoxusunu da eşitməyiblər), bu evi xarablar da bir baş məqalə yazanda, görürsən ki, götürüb adının quyruğuna bir «bəy» ləfzi də yapışdırdı, (gülür). Acıqnan mən də «Molla Nəsrəddin bəy». . . . Müxbir: Çox əcəb, yaxşı, hörmətli Mirzə Cəlil, Suruşun məqaləsiylə yəqin ki tanışsınız. Bu yazıya münasiğətiniz. . . Mirzə Cəlil: Müsəlmanlara nə yazsan keçib gedər, ürəyini sıxma. Müxbir: Suruş yazır ki, Mirzə Fətəli də, Siz də, satrik üslubunuzu rus ədəbiyyatından, Qoqoldan iqtibas etmisiniz. Mirzə Cəlil: Bu qism intelligentlərimiz filcümlə yaxşı adamlardır, amma heyf ki, bir az axmaqdırlar. Mirzə Fətəli komediyalar  yazıb, Avropanın molyerlərindən, Rusiyanın qoqollarından pis yazmayıb, Mirzə Fətəlinin məqsədi o deyildi ki, əsrin qadınlarını hər bir eyb və nöqsandan ari qələmə versin və onların ayıblarını gizlətsin. Əgər bir para xam yazıçılar kimi belə eləmiş olsaydı, o daha Mirzə Fətəli olmazdı. Müxbir: Bu yazıda Sizin ünvanınıza da ciddi ittihamlar var. Mirzə Cəlil: Heç bir fikir sahibinə demək olmaz ki, qandığını at, mən qandığımı tut. Heç bir şairə demək olmaz ki, elə yazma, belə yaz. Müxbir: Suruş yazır ki, Mirzə Fətəli də, Siz də klassiklərimizi - ənənəvi Şərq ədəbiyyatını sevmirsiniz, yeri gəldi - gəlmədi onu tənqid edirsiniz. Mirzə Cəlil: Bunların hamısına bizim məhəllədə deyərlər boş-boş danışmaq. Sağ olsunlar bizi qanan oxucular. Avama ümid yoxdur. Tarixdə avamın hümməti heç bir işdə görünməyibdir. Müxbir: Suruş yazır ki, «Cəlilin «Ölülər»  pyesi Nizaminin «İsgəndərnamə»sinə açıq - aydın parodiyadır. Orda Nizaminin İsgəndəri Kefli İsgəndərlə, ölməzlik suyu həmin qəhrəmanın aludə olduğu araqla, Xızır İlyas surəti isə kələkbaz Şeyx Nəsrullahla əvəzlənib. Bu barədə nə deyə bilərsiz? Mirzə Cəlil: Maşallah söz danışana! Götürüb qarpız qabığını şappıltı ilə vurasan bu sözləri danışanın ağzından, ağzın yumsun, qoysun getsin işinə. Müxbir (gülür): Aydın oldu. Mirzə, təşəkkür edirik. 
Anar. "Molla Nəsrəddin" 110 il sonra. Bakı. 2016

Tarix: 6-06-2021, 16:55


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930