18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Məntiqi oxunun əsas ifadəlilik vasitələri. Dinləyiciyə necə təsir göstərmək olar?

Orta ümumtəhsil məktəblərində ədəbiyyatın tədrisinə verilən tələblərdən biri də şagirdlərdə ifadəli oxu bacarıqlarını inkişaf etdirməkdir. İfadəli oxuda əsas məqsədlərdən biri müəllif fikrinin dinləyiciyə aydın və dəqiq çatdırılmasıdır. Bu şagirddən böyük məsuliyyət və məharət tələb edir. Səhnədə və ya auditoriyada çıxış edən şagird ifa etdiyi obrazı canlandırarkən müəllifin həmin obraz üzərinə qoyduğu vəzifəni dinləyiciyə çatdırmalıdır. Bu zaman ifaçı dinləyicini çaşdırmadan, aydın şəkildə nitqini auditoriyaya çatdırırsa bu ifadəli oxunun həyata keçirilməsidir. 

Müəllif fikrinin dəqiq və aydın şəkildə dinləyiciyə çatdırılması məntiqi oxunun ifadəlilik şərtlərini doğuran amillərdir. Yəni ifaçı müəllif fikrini təhrif etmədən, düzgün cümlə qurma bacarığını, oxucuların diqqətini ayrı-ayrı mövzularda saxlamamaqla, yəni əsas olanları ikinci dərəcəlidən ayırmağı və dinləyicilərin diqqətini əsas cəhətlərə çəkməyi bacarmalıdır. Bunlar hamısı birlikdə məntiqi ifadəliliyə (nitqin ifadəliliyinə) xidmət edir. Müəllif fikrinin dəqiq və aydın şəkildə çatdıran və məntiqi oxu adlanan hissə öz səviyyəsinə görə müxtəlif olur. Buna görə də müəllif fikrinin dəqiq və aydın olması məntiqi ifadəliliyi əsaslandıran başlıca şərtlərdəndir. 

Nümunəyə diqqət yetirək. 

Yağış yağır, rəqs eləyir gur damlalar

Sıra-sıra, inci-inci nur damlalar. 

Göydə iki qara bulud toqquşaraq, 

İldırımlar şaqqıldayır şaraq-şaraq. 

Quşlar uçur yuvasına pırıl-pırıl,

Şırıldayır navalçalar şırıl-şırıl.   (M.Müşfiq)

Şagird müəllifin şeirdə göstərilən fikrini ifadə etmək üçün müxtəlif vasitələrdən istifadə edir ki, bu da məntiqi oxunun əsas ifadəlilik vasitəsi adlanır. Mikayıl Müşfiqdən verdiyimiz bu nümunədə müəllifin fikrini dəqiq və aydın şəkildə dinləyiciyə çatdırmaq üçün onun üstündə xeyli işlənməlidir. Yəni əsərin üzərində müxtəlif işarələr qoymalı öz qeydlərini aparmalıdır. Bu əsərin başlıca ideyası isə, yəni ifaçının dinləyiciyə, müəllifin oxucuya çatdırmaq istədiyi başlıca ideya, fikir budur ki, yağışın yağmasının təsvirini yaratmaq və əgər şeiri sona qədər oxusaq burada sadə insanların yağış zamanı etdiyi işlərin bədii təsvirini yaratmaqdır. Həmçinin şeirdə şairin yağışın yağmasına heyranlığı, zəhmət adamlarına məhəbbəti, bu təbiət hadisəsinə insanın münasibəti də ifadə olunmuşdur.   Bu zaman dinləyici ifaçını maraqla və diqqətlə izləyir. Çünki ifaçının bədii məharəti və müəllifin şeirdə bədii ifadə vasitələrindən bacarıqla istifadə etməsi buna zəmin yaradır.  Şeirə diqqətlə qulaq asan dinləyicinin gözləri önündə sanki buludarın toqquşması, qanadları islanmış quşların pırıltılı uçuşu canlanır. 

Yuxarıda qeyd etdiyimiz kimi müəllif fikrini dinləyiciyə daha aydın və dəqiq çatdırmaq üçün ifaçı bir çox vasitələrdən istifadə edir ki, bu da məntiqi oxunun ifaəlilik vasitələrini yaradır. Məntiqi oxunun əsas ifadəlilik vasitələrinə aşağıdakılar aid edilir: 

  1. Məntiqi fasilə
  2. Məntiqi vurğu
  3. Məntiqi melodiya
  4. Məntiqi perspektiv

Gəlin bu ifadəlilik vasitələri ilə daha yaxından tanış olaq. 

Məntiqi fasilə: Bədii əsərin məzmununu dərindən öyrənilməsi üçün mətn parçalara bölünür. Bu parçalanma məznunun öyrənilməsinə, həmçinin dinyəciyə təsir etmək üçün yardımçı olan vasitələrdən biridir. Bu cür nitq parçalarının mövcudluğu nitqin aydınlığını yaxşı başa düşülməsini təmin edir. Nitq parçaları arasında isə fasilələrin edilməsi mütləqdir. Fasilələri isə istənilən məqamda qoymaq düzgün deyildir. Fasilələr yalnız fikir bitkinliyindən sonra qoyulmalıdır. Bir azda xırdalasaq səsləri, sözləri ətrafında cəmləyən mərkəz olur ki, bunun da ən az qrupları hecalardır. Səslər hecaları, hecalar sözləri, sözlər bitkin fikri formalaşdırır. Deməli, istər cümlələrin, istərsə də nitq parçalarının arasında fasilə edilməsi nitqin ifadəliliyini və təsir gücünüə həmçinin onun aydın və dəqiq çatdırılmasına xidmət edir. 

Məsələn: 

Hər millətin, \ hər torpağın, \

Öz adı var, \ öz ünvanı. \

Yağılara \ baş əyməyib, \ 

Azərbaycan \ qəhrəmanı. \\

Vahid vətən \ himnimizdir, \

Şəhidlərin \ axan qanı, \

Nəsillərə \ yadigardır, \

Zaman yazdı \ bu dastanı. \\   (Nəriman Həsənzadə)

Nümunədə hissələrə ayrılmış parçalar nitq parçaları adlanır. Aydın olur ki, nitq parçalarının arasında fasilə edilməlidir. Bu fasiləyə məntiqi fasilə deyilir. Qeyd edək ki, ifaçı nitq parçalarında istədiyi hissədə fasilə verə bilməz. Fasilələr yalnız mətndə ifadə olunan fikrin necə qurulmasından asılı olaraq özünü göstərir. Fasilələrin yerində işlənməməsi fikrin təhrif olunmasına və ya dinləyici tərəfindən başa düşülməməsinə gətirib çıxara bilər. Yazılı nitqdə fasilələrin şərti işarələri vardır. Ümumiyyətlə məntiqi fasilə 3 növə ayrılır ki, onlara: 

  1. qısa fasilə (1 sayına bərabər), şərti işarəsi (\) 
  2. orta fasilə (iki sayına bərabər), şərti işarəsi (\ \)
  3. uzun fasilə (3 sayına bərabər), şərti işarəsi (\\\) fasilələlər mətndə sətri göstərilir. 

Mətndə məntiqi fasilənin yerini müəyyənləşdirmək üçün kiçik bir müansa toxunulması daha düzgün olardı. Mətndə  fasilə verməzdən öncə sözlərin qrammatik və məna əlaqələrini aydınlaşdırmaq lazımdır. Əgər nitq parçasında bu və ya digər sözlər qrammatik və məna baxımından bir-biri ilə qırılmaz əlaqədədirsə eyni bir nitq parçasının tərkib hissəsində götürülməlidir. Digər sözlər isə fasiləyə yol verilmədən oxunmalıdır. Bundan başqa nitqdə psixoloji fasilə də vardır. Lakin məntiqi fasilə ilə psixoloji fasiləni qarışdırmaq olmaz. Məntiqi fasilə qeyd etdiyimiz kimi fikri çatdırır, psixoloji fasilə isə hissi çatdırır. Göründüyü kimi fasilənin edilməsi müəllif fikrinin aydın və dəqiq çatdırılmasında ən vacib şərtlərdəndir. 

Məntiqi oxunun ifadəlilik vasitələrindən biri də məntiqi vurğudur. Məntiqi vurğu cümlədə bir sözün digərinə nisbətən qüvvətli deyilməsidir. Məntiqi vurğulu söz nitq parçasında mövcud olan «mərkəz”in yəni mühüm olan sözün üstünə düşür. Bu söz məntiqi vurğulu söz adlanır və yazıda şərti işarə     ilə qeyd edilir. Həmin sözlərin müəyyənləşdirilməsi və oxu prosesində nəzərə çarpdırılması təkcə əsərin ideya məzmununun başa düşülməsini təmin etmir, bu, həmçinin emosional estetik gücünü qat-qat artırır, ifaya əlvanlıq gətirir. İfaçı məntiqi vurğulu sözün fərqləndilməsində müxtəlif metodlardan istifadə edir, məsələn; səsin gücü, tonun yüksəlməsi, yaxud aşağı düşməsi, tələffüzdə uzanma və ləngimə məhz bu qəbildəndir. İfaçı məntiqi vurğulu sözü həmçinin fasilələrin köməyi ilə də fərqləndirə bilir. Bu da müəllif fikrinin dinləyiciyə çatdırılmasında başlıca şərtlərdəndir. 

İfaçılar müəllif fikrini aydın çatdırmaq üçün məntiqi vurğunun 2 dərəcəsindən istifadə edir: 

  1. Əhəmiyyətli vurğu —  I dərəcəli məntiqi vurğu, şərti işarəsi    
  2. Daha əhəmiyyətli vurğu — II dərəcəli məntiqi vurğu, şərti işarəsi  

İlə ifadə olunur.       

«Nizami şəhərdə bu ildən yaşayır.»

cümləsində iki məntiqi vurğulu söz işlənmişdir. Bunlardan «bu» sözü əhəmiyyətli, «ildən» sözü isə çox əhəmiyyətli məntiqi vurğudur. 

Bədii mətndə məntiqi vurğulu sözüləri müəyyənləşdirmək o qədər də asan deyil. Bu ifaçıdan böyük məharət tələb edir. Bunun üçün ifaçı mətnin məzmunun, ifadə etdiyi ideyanı müəllifin niyyətini dərindən-dərinə bilməyi vacib şərtlərdəndir. Nitqdə məntiqi vurğulu sözün müəyyənləşdirib deməyin böyük əhəmiyyəti vardır. Əgər ifaçı məntiqi vurğulu sözü düzgün müəyyənləşdirə bilməsə, yazıçı fikrini təhrif etmiş olacaq və bu da dinləyicidə çaşqınlıq yaradacaqdır. İfaçı məntiqi vurğunun yerini aydınlaşdırmaq üçün mətnin bütövlüyünü, tamlığını,  ideya-məzmununu nəzərə almalıdır. Məntiqi vurğuda birinci yerdə mətnin mənasının nəzərə alınması dayanır. Aşağıdakı nümunəyə baxaq: 

Vətəndaş! Nə gözəl \ səslənir bu söz. \

Yəni — bir qaynaqdan \ su içmişik biz. \

O su qəlbimizdə coşdu qaynadı, \

Eyni bir ad ilə \ tanıtdı bizi.\

Vətənin ünvanı, \ Vətənin adı \

Bizə xayırlatdı  \ vəzifəmizi. \\   (B. Vahabzadə)

Şeirin ifaçılıq vəzifəsi müəllifin təntənəli, fərəhlə, fəxrli hisslərini dinləyiciyə çatdırmaqdır. Şeirdə altından xətt çəkilən sözlər məntiqi vurğuludur. Birinci misrada işlənən «nə gözəl» sözləri ayrılıqda məna vermədiklərinə görə yanaşı işləndiklərinə görə eyni tonda bir vahid kimi tələffüz olunur. «Vətəndaş, bir, qəlbimizdə, ilə, ünvanı, xatırlatdı» sözlərində tonun yüksəlməsinin şahidi oluruq. «söz, biz, qaynadı, bizi, adı, vəzifəmizi» sözlərində  isə tonun alçalmasının şahidi oluruq. Altından (   )  xətti çəkilmiş   sözdə isə sözün tələffüzünü uzun olmasını və getdikcə tonun alçalmasının şahidi oluruq.  

Məntiqi oxunun əsas ifadəlik vasitələrindən biri də məntiqi melodiyadır. Müəllif fikrinin dinləyiciyə əlvan çalarlarla, emosional zənginliklə çatdırılmasında məntiqi melodiya əhəmiyyətli rol oynayır. Melodika əsas tonun hərəkətləri ilə bağlıdır. Məntiqi oxunu  ifadəlilik vasitələrindən olan məntiqi prespektiv isə mətnin bütöv məzmununun diqqət mərkəzində saxlanmasını tələb edir. Mətnin oxusunda ayrı-ayrı cümlələrdə ifadə olunmuş fikirlərin qarşılıqlı əlaqədə çatdırılması mətndə ifadə olunmuş başlıca fikrin açıqlanmasına və qavranılmasına imkan yaradır. Bu isə həmin mətnin məntiqi prespektivinin yaranması deməkdir. 

Alaraq \ dimdiyinə \

Quşcuğaz \ yem aparır \

Bax bununçün \ havanı \

İldırımtək \ o yarır. \ \

 

 İndi yəqin, \ yolunu \

Gözləyir \ ağ balalar \

Dözməyir \ qəlbi onun \

Körpələr \ ac qalalar. \\   (Əliağa Kürçaylı)

İfaçılıq vəzifəsi müəllifin analar haqqında düşüncəsini dinləyiciyə çatdırmaqdır. Müəllif bu əsərində ana məhəbbətinin başqa canlılara da xas olduğunu qeyd edir. Güclü leysana baxmayaraq, dimdiyində balaları üçün yem daşıyan quşun fədakarlığını ifaçı canlı şəkildə dinləyiciyə çatdırır. Dinləyici də təbiətə, quşlara, heyvanlara rəğbətini daha da artırır. Şeirdə altından xətt çəkilən sözlər məntiqi vurğuludur. «alaraq, quşcuğaz, bax, ildırımtək, indi, körpələr» sözündə tonun yüksəlməsi, «dimdiyinə, yem, havanı, yarır, yolunu, balalar, qəlbi, ac» sözlərində isə tonun alçalmasının şahidi oluruq. 

Azərbaycan dili və ədəbiyyat müəllimi, Sənan İmanov


Tarix: 27-11-2023, 23:25


Bölməyə aid digər xəbərlər
17-06-2021, 18:47 Özbək mədəniyyəti
26-08-2021, 08:56 950 İllik Malazgird tarixi
6-06-2021, 16:55 Sürüş Suruş
4-06-2021, 10:50 Ziyalı kimdir?
12-06-2021, 11:44 Samir Qədirov-"Müəllim"