18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Dastan yazan ilk türk qadını da azərbaycanlı oldu


Müəllif Sevda Mirzə: TRT/Azerbaycan saytı və TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının qonağı Azərbaycanın tanınmış araşdırmaçı-jurnalisti, şairi, “Ötükən və Kür Şad” dastanın müəllifiQarabağ savaşından, Aprel döyüşündən bəhs edən iki cildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının müəllifi, Beynəlxalq Türk Akademiyasının “Dildə, fikirdə, işdə birlik” mükafatının ilk laureatı, qısası, könlünü türk dnyasına vermiş bir insan Aida Eyvazovadır.
Müsahib Aida Eyvazova: Çox sağ olun, Sevda xanım. Gəlib sizi belə bir kollektivdə görməyimə çox şad oldum. 40-dan artıq dildə yayımlanan bir radioda işləmək, TRT kimi radio-televiziya mütəxəssisləri qurumunda çalışmaq böyük xoşbəxtlikdir. Sağ olun ki, gəlib Azərbaycanı belə gözəl təmsil edirsiniz.
  Azərbaycan türk dünyasının bir üzük qaşıdır. Səmərqənd türk dünyasının zümrüd qaşıdır. Azərbaycan türk dünyasının tacımı, özəyimi deyim, ən parlaq qaşıdır. Bunu zaman-zaman görmüşük.
  Ankaraya qəlbimdə o qədər sevgilər gətirdim ki. Bilirsiniz ki, Türk Dilində Danışan Ölkələrin Qurultayına dəvətli idim. Maraqlıdır ki, jurnalist kimi o tədbirdə təkcə mən iştirak edirdim. Bundan çox qürur duydum. Sağ olsun dəyərləndirənlər, axtaranlar.    
Müəllif Sevda Mirzə: Çünki illər boyu siz türk dünyasıyla bağlı daim araşdırmalar aparan jurnalist olmusunuz.
  Qurultaya gəlincə, ümumiyyətlə, bu, bir türkoloji qurultay idi və bildiyiniz kimi, bunun ilki Azərbaycanda olmuşdu 1926-cı ildə.
 Türk dünyası Yer kürəsinin bir kəməridir, Orta Asiyadan Qafqaza, Qafqazdan Balkanlara qədər olan coğrafiyanı göz önünə gətirsək. Siz uzun müddət Orta Asiyada jurnalist kimi fəaliyyət göstərmisiniz, Azərbaycan televiziyalarının təmsilçisi olaraq. Orada çalışmaq sizi Orta Asiya türk dünyasıyla daha da yaxınlaşdırdı. Amma ondan sonra da əlaqələriniz kəsilməyib, bu günə qədər gedib-gəlirsiniz. Bütün bunların nəticəsində Azərbaycan dastan ədəbiyyatında yeni bir dastan yaratdınız. Bütün bu təcrübələr ruhunuzla, qələminizlə birləşərək ortaya gözəl bir dastan çıxardı: “Ötüken və Kür Şad” dastanı. Bu gün Aida Eyvazova yaradıcılığından danışırıqsa, istəyərdim ki, bu dastanın yaranma səbəbindən bəhs edəsiniz.    
Müsahib Aida Eyvazova: Sevda xanım, çox gözəl qeyd etdiniz ki, mən könlümü türk dünyasına verən insanam. Amma bu, mənlik deyil ki. Bunu Tanrı yazıb. Bu, bir Tanrı qismətidir. Heç nə elə-belə deyil. Hiss edirəm ki, Tanrı məni bir missiya ilə gətirib dünyaya. Bəlkə də çoxlarına inandırıcı gəlməz. Tanrı insanı missiya ilə göndərəndə üzündə, qaşında, bədənində bir xal qoyur əlamət olaraq, xüsusiən, türk dünyasına göndərdiyi insanlarda. Mənim başımın ortasında öz saçlarımdan fərqli bir topa başqa rəngdə saç var idi. Rəhmətlik Qızdarağa nənəm sinədəftər idi: laylalar, şeirlər deyərdi. Atamın isə gözəl səsi var idi. Şirvan aşıq havalarını elə gözəl oxuyurdu ki. Mən doğulanda nənəm deyib ki, “Bu qız seçilmiş qız olacaq”. Onlar dünyanı daha çox bilirdilər. Mən demirəm ki, kimdənsə artığam. Sadəcə onu bilirəm ki, Tanrı məni Yerə göndərəndə bir əlamətlə göndərib, bir az fərqli yaradıb. Ətrafımda bir neçə adam var ki, onları da bu əlamətdə görmüşəm və doğrudan da türk dünyasında xidmət göstərirlər. Daşkəndə Mirzə Uluqbəy adına Daşkənd Universiteti Jurnalistika fakültəsində təhsil aldığım illərdən bunu özümdə hiss etmişəm. Ata evimdən gəlib mənə bu. Atatürk, Nuru Paşa deyəndə atamın gözləri dolardı. Nuru Paşa ilə mənim ata babam - Mustafa babam əqidədaş olublar. Onların ruhları Tanrı dərgahındadır. Onlar Azərbaycan üçün nə gözəl yollar açıblar, ənənələr qoyublar, gediblər. Yəni bu sevgilərlə böyüdüm. Bilirsiniz ki, Sovetlər dövründə bizi türkçülkdən ayırmışdılar.
Müəllif Sevda Mirzə: Amma türklük silinməsin deyə bizim ziyalılar onu oğuz adı ilə əvəz etdilər.
Müsahib Aida Eyvazova: Uşaqlıqdan şeir yazmağa, ədəbiyyata meylim var idi. Universitetdə oxuduğum illərdə kitablara çox baş vurdum, elmlərə vaqif olmaq istədim. Gördüm nələrimiz var imiş! Gizli-gizli oxudum, aşkar-aşkar oxudum. Gördüm bizim tariximiz İslam tarixindən daha qədimdir. Məhəmməd Peyğəmbərə qədər Kutlu Xaqan, Mete Xaqan, daha hansı xaqanlarımız olub. Bunları oxuduqca, qəlbimə bir həyəcan gəlirdi, halbahal olurdum. Hər zaman Tanrıya yalvarırdım: “Mənə bir Ötükeni qismət elə, gedim o babalarımın məzarını görüm, o qibləgahımızı görüm”. İnanırsınızmı? Tanrıya əlimi açırdım: “Mənə o yolları aç”. 2016-cı ilin may ayı idi. Bir gün yarımdan sonra mənə Astanadakı Beynəlxalq Türk Akademiyasından zəng edib dedilər ki, “Aidə xanım, avqust ayında sizi bir ziyarətə yazmışıq, Ötükənə.” Bir arzunun bu qədər tez yerinə yetməsi! Sən Tanrıya əllərini aç, sidq ürəklə dua et və bir gün yarım sonra sənə xəbər gəlsin ki, ora gedirsən. O gündən başladım ruhlanmağa. Getdim Ötükənə, o yerləri gördüm.
Elə silkələndim, elə ələndim,
Təzədən doğuldum təzə biçimdə.
Müəllif Sevda Mirzə: Müsahibələrinizin birində oxumuşdum o səfərlə bağlı: “Mən Ötükəndə olarkən səmanın Yer üzünə nə qədər yaxın olduğunu gördüm”.
Müsahib Aida Eyvazova: Ötükən çox maraqlı bir yerdir. Orada sanki bir sienerji var. Paklaşırsan, təmizlənirsən. Bir tərəfi çay, bir tərəfi dağlar, ortası dünyanın göbəyi, ən qədim tarixə malik türklərin obrazında olan daşlar. Sonralar rusların, çinlilərin savaşlarında dağıdılıb, bir hissəsi isə İslam bu tərəflərə yayıldıqdan sonra ərəblər türkün dünyasını qazıyıb-qaşıyıblar.
  Moğollara bu gün bizim bir təşəkkür borcumuz var ki, bizim mənəvi və tarixi abidələrimizin, heç olmasa, yarısını saxlayıblar. Ötükəndə Kutlu və başqa xaqanların iqamətgahının yerini, məbədini tapıb Beynəlxalq Türk Akademiyası. Çox böyük işlər görür bu Akademiya. Türk dünyasının əlifbasından başlayıb axtarışlara. Bu işdə də əsas rol alimlərdədir. Alimlərin gördüyü işin isə nuru həmişə gözəl olur. Moğollar hətta indi də bura ibadət yeri kimi etiqad edirlər. Burada təbiətin yaratdıqlarının bir harmoniyası var. Ən pis fikirdə olan bir insan belə oraya getsə, paklaşar, etmək istədiyi pis əməllərdən vaz keçər, ruhu yenilənər. Bütün bunlar məndə “Ötükən və Kür Şad” dastanının yaranmasına səbəb oldu.
  Ötükəndən Azərbaycana döndükdən sonra mən Nihal Atsızın “Boz qurdlar” romanını oxudum. Hər dəfə o romanı oxuyanda həyəcandan ağlayardım, gözlərim dolardı. Bir neçə dəfə oxusam da, heç zaman məndə şeirləşməmişdi bu dastan. Günlərin bir günü gecə hiss etdim ki, nə yerə sığıram, nə göyə. Məqam həmin məqam idi. 11 noyabr 2016-cı ildə bu dastanı yazdım. Təsəvvür edin ki, ürəyim köpüklənir, vulkan lavası kimi çölə çıxmaq istəyirdi. Mən bayaq sizə bir şey dedim, atam Şirvan havalarını oxuyardı. Dastan mənə o Şirvan havalaryla gəldi.       
Müəllif Sevda Mirzə: Bakıdakı görüşlərimizin birində siz dastandan bir neçə misranı elə bu Şirvan havaları üstündə oxudunuz. Həmin məqamı istəyirəm bir daha bizə və tamaşaçılarımıza yaşadasınız.
Müsahib Aida Eyvazova: Oxuyacağam. Amma əvvəl bunu deyim ki, “Ötükənvə Kür Şad” dastanını necə başladım? Ötükəndən qayıdanda artıq 17 bəndlik şeir yazmışdım:
Ötükəndə ötən günlər nağılmış.
Xoşbəxt idik ormanların içində.
Günəş ana Yerə şəfəq saçırdı.
Ərçim-ərçim buludların içində.
  Türkün başına həmişə bəla nədən gəlir? - Özgəni içinə daxil etməkdən. Hər kəsi özü kimi bildiyi üçün. Ürəyi, qəlbi geniş olduğu üçün torpaqları qədər da Yer qədər, Göy qədər böyük olub. Türk hara gedibsə, sülh, abadlıq gətirib.
  Göytürklərin baş xaqanı Çuluk Xanı Çin qızı zəhərləyib öldürdükdən sonra taxt-tacın hakimi onun qardaşı Qara Xaqan olur. Qara Xaqan taxta keçəndə qardaşları elə bilir ki, Çin qızını yəqin uzaqlaşdıracaq. Çünki Çin qızı onların arasında ayrılıq, hakimiyyətə nifaq salırdı. Amma görürlər ki, əmilərinin də dişi buna batmadı: Çin qızı onu da ram etdi. Qardaşlar fikrə gedir. Bu yerdə Qara Ozan görür türkün dünyası dəyişib, sazı alır, belə boylayır:
Qara Xaqan, qara etdin bəxtimi.
Niyə verdin Çin qızına təxtimi?
Bir də güldür göy türklərin bəxtini.
Göy tanrısı, köməyim ol, köməyim.
Ulu ruhlar, köməyim ol, köməyim.
Biz göy türklər ər doğulduq binadan.
Güc almışıq ana Yerdən, səmadan.
Süd əmmişik boz qurdlardan, börüdən.
Hara getsəm, Ötükənə dönərim,
Ey Yaradan, köməyim ol, köməyim.
  Bilirsinizmi nə oldu? Elə Ötükəndə gəzərkən birdən səsim açıldı, Şirvan havası üstündə bədahətən oxumaq gəldi mənə.
  Nihal Atsızın yazdığı romanı mən tamamilə şeir şəklində yazdım. Yəqin ki, bu dastan da oxunacaq. Bu dastanda həm tarixdə baş vermiş hadisələr var, həm də folklor var. Əsil tarix var burada. Məktəblilər, tələbələr oxuyunca ömür boyu yaddaşlarında qalacaq. Yəni əfsanə deyil, rəvayət deyil, həqiqi tarixdir.
  İslam aləmində Məhərrəmlik deyilən mərasim var. İmam Həsən, İmam Hüseyn üçün ağlayırlar, amma mən belə fikirləşirəm ki, qəhrəmanlara ağlamaq lazım deyil.
Müəllif Sevda Mirzə: Bəlkə də o qəhrəmanların ruhları bu ağlaşmanı qəbul etmir. Düşmənə əyilməyən insan qəhrəmandır. Qəhrəman üçün ağlamazlar. Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin də bu mövzuda yazısı (“Aşura” məqaləsi) var. O da deyir ki, qəhrəman üçün ağlamaqdansa, onun kimi olmağı düşünmək, igidlərə bənzəmək və onların sayını çoxaltmaq lazımdır.  
Müsahib Aida Eyvazova: Kürşadın öldürülmə səhnəsi dastanın təsirli yerlərindən biridir. 40 əsgərilə Çin sarayına hücum çəkir Kür Şad.
Zalım çinli atdı oxun Gürşada,
Vurub sinəsini boyadı qana.
Gürşad bir də baxdı qanlı meydana.
Şadı Göy Böyrüdən aralı gördü.
Başsız bədəniylə meydan oxudu.
Çinlilərin ürəyində qorxuydu.
Ətrafında daha dostlar yoxuydu.
Ruhları göylərdə yaralı gördüm.
Kür Şad, başsız qoyma Göy Türk elini.
Sən bilirdin o ərlərin dilini.
İndi ki, gedirsən, söylə yerini.
Elimi elimdən aralı gördüm.
  O illərdən sonra 40-70 il aralandı türk elləri bir-birindən. Amma nə oldu? Hansı məqam baş verdi? O ruhlar Tanrı dərgahına getdi. Çünki gözəl əməl sahibləri, qəhrəman ruhlar, vətən qoruyanlar o dərgaha gedir. O yağışlı gündə Kür Şad bir qəhrəmanlıq dastanı yazdı.
Müəllif Sevda Mirzə: Yəni vətəni üçün, eli üçün, xalqı üçün ölümə gedən qəhrəman həm də müqəddəs bir tarix yazmış olur.
Müsahib Aida Eyvazova:
Kür Şad uçub getdi Tanrı dağına,
40 əsgəri keşik çəkir yanında,
Dayanıblar babaların önündə.
Alper Tonqa onu imtahan eylər.
Deyər: “Görüşünə gəlibdir bəylər.
Xaqanlar bu gecə toy-bayram eylər.
Uçmağa yığılan ruhlar sevinər.
41 igid ilə əhd-peyman eylər”.
İndi ki gəlmisiz, tininiz kutlu.
Sizi gözləyirdik, hamımız mutlu.
Əldə bayrağımız, naxışı qurddur.
Düşmənlər görüncə, bağrın qan eylər.
  Buradan o tərəfə dastan haqqında danışmaq istəmirəm. Mən inanıram ki, bu dastan maraqlı məqamları ilə hər kəsin zövqünü oxşayacaq.
Müəllif Sevda Mirzə: Mən bu yerdə tamaşaçılara demək istəyirəm ki, Aidə Eyvazova “Ötükən və Kür Şad” dastanı ilə həm də bir ilk yaradıb: bir qadın ilk dəfə olaraq ümumtürk ədəbiyyatında dastan yazıb.
  Siz müasir dövrün də türk-Azərbaycan qəhrəmanlıq dastanını yaratmısınız. O qəhrəmanların izi ilə gələrək “Qalibiyyət: şahidlər və şəhidlər” kitabını yazmısınız. 
Müsahib Aida Eyvazova: 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə ermənilərin bizim zəbt etdikləri torpaqlarımızdan hücuma keçdiklərini görüncə Azərbaycan ordumuz məqamdan istifadə edərək öz torpaqlarının bir hissəsini aldı. Həmin gün bütün türk dünyası ayaq üstündə idi.
Müəllif Sevda MirzəAprel hadisələrində torpaq uğrunda qərhəmanlıq ruhumuzun ölmədiyi göründü.
Müsahib Aida Eyvazova: Şəhidlərimizi Allah rəhmət eləsin. Həmin Aprel şahidlərilə görüşdüyüm zaman hər birinin qəlbində bir Kür Şad ruhu olduğunu gördüm. Onlar necə həvəslə döyüşə girmişdilər. Sevinə-sevinə, gülə-gülə. O qədər yüksək ruhda olublar ki. Bunlar Azərbaycanın yeni qəhrəmanlıq tarixini yazdılar, Vətənə şərəf gətirdilər. Bu gün Azərbaycan prezidenti İlham Əliyev hara gedirsə, açıq ürəklə gedir, şux dayanır, sözünü deyə bilir ki, onun ordusu müzəffərdir, torpaqlarını daim azad edə bilən əsgərləri, komandirləri var. Sadəcə bilirik ki, bu, böyük güclərin oyunudur.
Müəllif Sevda Mirzə: Biz ermənilərlə baş-başa qalmamışıq ki, qarşımızda bir imperiya var.
Müsahib Aida Eyvazova: Həmin aprel günlərinə hər kəs şahid oldu. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov hətta “Xankəndini vurun” əmrini verdi. Lakin sonra erməni həmişəki kimi qaçdı öz himayədarının – Rusiyanın yanına. Onların danışqılarından sonra yenidən atəşkəs oldu. Atəşkəs etməsəydik, bu dəfə Rusiya ordusu gələcəkdi üstümüzə, 19-20 yanvarda olduğu kimi, Xocalıda olduğu kimi.
Müəllif Sevda Mirzə: Onsuz erməni ordusu deyilən bir şey yoxdur ki, orada elə Rusiya ordusudur.
Müsahib Aida Eyvazova: Düzdür. Amma türk dünyasının  bugünkü xaqanları – türk xalqları ölkələrinin liderləri bir araya gəlməyi bacarıblar. Məsələn, Özbəkistanın prezidenti Şafkat Mirziyoyev gəldi Ərdoğanla görüşdü. Səsi titrəyirdi sevincdən, həyəcandan. Dedi ki: “20 illik həsrətimə son qoyuldu”. Elə-belə deyildi. Zaman-zaman yığılmışdı bu. Yəni Türkiyə ilə Özbəkistan arasında yeni mərhələ başlandı. Bu, türk dünyasında da yeni mərhələdir. Mən inanıram ki, Qırğızıstan da etdiyi səhvlərdən nəticə çıxaracaq. Rusiyaya uyulmamalıdır. Bizim birliyimiz diriliyimizdir. Buna doğru getməliyik. Bakı-Qars-Tbilisi dəmir yolu açıldı. Turanın yolu yenə Azərbaycandan keçir. Əsrin ən böyük layihələrindən biridir bu.
Mənim Turan ellərimi verin mənə.
Əmir Teymur babam quran
Dövlətimi verin mənə.
  Belə bir şeirim var. O arzuma da yetəcəm, inşaallah. Mən inanıram ki, bizim xaqanlarımız bizim bu arzularımızı gözümüzdə qoymayacaqlar.
Müəllif Sevda Mirzə: Əziz oxucular və tamaşaçılar, Aida xanımı təxminən 2002-ci ildən tanıyıram. Televiziyada o, ictimai bölümdə çalışırdı, mən də başqasında. Uzun illərin tanışlığından sonra biz artıq həm insan olaraq, həm də jurnalist olaraq bir-birimizin ruhunu tanıyır, gördüyümüz işlərimizi bilirik. Bugünkü səviyyəyə damla-damla gəlinib, sonra toplanıb bu kitablara, səhifələrə.
Müsahib Aida Eyvazova: Bu il gözəl bir hadisə də baş verdi. Qazaxıstan respublikası latın qrafikasına keçdi, əlifbasını dəyişdi. 2017-ci ilin ortalarında mən Nursultan Nazarbayevin “Həyat yolu” kitabını Azərbaycancaya çevirdim. Kitaba ön sözü Azərbaycan Prezident Aparatı İctimai-Siyasi şöbəsinin rəhbəri Əli Həsənov yazdı. Çox maraqlı paralellər aparıb yazdığı ön sözdə: Nursultan Nazarbayevlə Heydər Əliyevi müqayisə edib. N.Nazarbayev hər zaman türk dünyasına yeniliklər gətirib. Özünüz də görürsünüz ki, regioonda lider-ağsaqqaldır. Əsil ağsaqql rolunu oynayır. Dünyanın harasına gedirsə, sülh carçısıdır. Qarabağ məsələsində, Suriya məsələsində, ümumiyyətlə, bütün bu kimi mövzularda sülhə çağırır.
Müəllif Sevda Mirzə: Ümumiyyətlə, türk dünyası liderləri arasında bir-birinə ən yaxın olan, cəsarətlə deyə bilərik ki, Azərbaycanın Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır. Nəinki türk dünyasında, bütün beynəlxalq aləmdə belə, bu liderlər bir-birini həm şəxs olaraq, həm də dövlətin maraqları üçün müdafiə edirlər... Belə olduğu halda da düşmənlərimiz artmağa başlayır.
Müsahib Aida Eyvazova: Bizi bir araya gətirən həm də türk dünyasıyla bağlı tədbirlərdir. Ankarada 2017-ci ilin noyabrında Türk Dilində Danışan Ölkələrin Qurultayının devizi “Dildə, fikirdə, əməldə birlik” idi. Qurultayda əsasən dil və əlifba məsələlərinə toxunuldu. Yeni Türkiyə Strateji Araşdırmaları Mərkəzi tərəfindən təşkil edilmişdi. Dünyanın 40 ölkəsindən 300-dən çox alim gəlmişdi. Alimlər yığışan məclis nə gözəl olur. Həqiqətən də problemləri araşdırdılar. Bir daha qeyd olundu ki, dilimiz diriliyimizdir, vətənimizdir, varlığımızdır və dili qorumaq lazımdır. Mən inanıram ki, o qururltayda gəlinən nəticələr öz bəhrəsini verəcək. Sonda qurultayın bəyannaməsi hazırlandı və bunun türk dövlətlərinin başçılarına, siyasət adamlarına göndəriləcəyi qeyd edildi.
  Bunu da söyləyim ki, mən 2017-ci ilıdə türk dünyasında ilk dəfə təsis olunan Beynəlxalq Türk Akademiyasının “İsmayıl Qaspiralı” mükafatına da layiq görülmüşəm. Cəmi dörd nəfər aldı bu mükafatı.
Müəllif Sevda Mirzə: Hər kəs öz töfhəsini həm dövlət səviyyəsində, həm alimlər səviyyəsində, həm də xalq səviyyəsində verərsə, təbii ki, bu işlər öz bəhrəsini görür.                       
 



Tarix: 13-06-2021, 16:06


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930