18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Ürək-damar xəstələri peyvənd oluna bilər?


“Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil”.
AzturkmanTv “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Baş kardioloqu Yusif Nağıyev bildirib. O qeyd edib ki, bu gün ürək-damar xəstəlikləri (ÜDX) olan insanlar üçün daha yüksək yoluxma ehtimalına dair inandırıcı dəlil yoxdur, ancaq onlarda ağır koronavirus infeksiyası və ölüm riski daha yüksəkdir:
“Xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin “COVID-19”a yoluxması mövcud aterosklerotik piləyin cırılmasının yüksək riski səbəbindən miyokard infarktının inkişafı ilə xəstəliyin gedişatını ağırlaşdırır. Bu, yoluxmuş xəstələrin ölüm riskini artırır. Öncədən ürəyin tac damarlarında invaziv və ya cərrahi əməliyyat olunmuş “COVID-19” xəstələrində stent və şuntların trombozu riski artır. Bu səbəbdən ÜDX olan xəstələr yüksək risk qrupu hesab edilməlidir”.
Ağır gedişli koronavirus infeksiyası üçün ən böyük risk altında kimdir sualına gəlincə isə, baş kardioloq bildirib ki, daha çox ağır xəstəlik və ölüm riski 60 yaşdan yuxarı, kişilər, piylənmə, arterial hipertenziya, diabet, ürək-damar xəstəliyi, xroniki ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, xərçəng və ya immunosupressiv vəziyyəti olan insanlar üçün müəyyən edilir. Siqaret çəkmənin ağır “COVID-19” riskini artırmadığı diqqət çəkir.
Həkim həmçinin bildirib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda virus infeksiyasının simptomları ilə yanaşı xroniki ÜDX-ləri də kəskinləşir. Bu, hipertenziv xəstələrdə qan təzyiqinin artması, xroniki ürək çatışmazlığı olan xəstələrdə təngnəfəsliyinin artması, səyrici aritmiya tutmaların residivləşməsi və xroniki gərginlik stenokardiya ağrı həddinin azalması ilə özünü göstərir.
“Virus infeksiyalarında qan təzyiqinin yüksəlməsi yüksək bədən hərarətin və damar divarının spazm qabiliyyətinin artımı ilə əlaqəlidir.
Arterial hipertenziyası olan şəxslərə virus infeksiyasının müalicəsi zamanı aşağıdakıların qəbulu qadağandır:
• kofein tərkibli dərmanlar (Panadol, Coldrex)
• fenilefrin əsaslı vazokonstriktor təsirli burun damcıları
• antihistamin perparatlar
• alkoqol spirtli içkilər
• isti vanna
Yüksək arterial təzyiqi olan insanlar ağır “COVID-19” risk qrupuna aiddir. Ancaq təyin olunmuş dərman preparatlarla arterial təzyiqinə nəzarəti bu təhlükəni azaldır. Məhz bu səbəbdən dünyadakı bütün ürək peşəkar cəmiyyətləri həyat üçün vacib dərmanların qəbuluna davam etməyi tövsiyə edirlər”.
Y. Nağıyev həmçinin əlavə edib ki, “COVID-19”un kəskin miokard zədələnməsinə və digər yeni ürək fəsadlarına səbəb ola bilər. SARS-CoV-2-yə yoluxan xəstələrdə kəskin koronar sindromun inkişafı damarlar divarının iltihabı, tromboz və qan dövranının pozulması ilə əlaqədardır:
“Kəskin miokard zədələnmələrin 20-40%-i özünü sinə ağrısı, nəfəs darlığı, aritmiya kimi göstərir. “COVID-19”da kəskin miokard infarktından (Mİ-dan) ölüm nisbəti 40%-dir.
ÜDX simptomlarının xəstənin xəstəxanaya yerləşdirilməsi zamanı istənilən vaxt meydana gəldiyini qeyd etmək vacibdir, lakin, bir qayda olaraq, onların riski qızdırma və ya virus infeksiyanın digər simptomlarının başlanğıcından sonra 15-ci gündən etibarən artır.
Ürək-damar ağırlaşmalarının inkişafı adətən xəstənin tənəffüs vəziyyəti sabitləşdikdən və respirator statusunun yaxşılaşdıqdan sonra inkişaf edir. “COVID-19”da ürək-damar ağırlaşmalarının inkişafının bir neçə mexanizmi müzakirə olunur. “COVID-19” miokardda bir neçə ay qala bilər, buna görə koronavirus keçirmiş xəstələrdə gələcəkdə ürək-damar ağırlaşmalarının artmasını gözləmək olar”.
 
Həkimin sözlərinə görə, “COVID-19” üçün istifadə olunan bir sıra dərmanların kardiotoksik təsiri var. Həmin xəstələrdə dərman müalicəsinin proaritmogen təsiri səbəbindən aritmiyaların inkişaf edə biləcəyi barədə məlumatlar əldə olunub. Belə ki, xəstənin EKQ-də QT intervalın uzanması səbəbindən "piruet" tipli ölümcül mədəcik taxikardiyasının ortaya çıxma riskinin artması haqqında. Aspirin, klopidogrel, varfarin, kleksan kimi qan durulducularını qəbul edərkən daxili qanaxmanın qarşısını almaq üçün onların, virus əleyhinə dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalıdır.
Bu gün ürək-damar sisteminə təsir edən dərmanları qəbul edən xəstələrdə koronavirus infeksiyasının ağır gedişli riski haqqında məlumat yoxdur. İndiki mərhələdə beynəlxalq tibbi cəmiyyətlərin mövqeyi birmənalıdır:
“COVID-19”a yoluxan xəstələrdə ACE inhibitorlarının və ya ARB-lərin istifadəsinin ləğvi, xüsusilə hipertoniya, XÜÇ və ya əvvəlki Mİ olan xəstələrdə ürək-damar ağırlaşmaları riskini artıra bilər. Bundan əlavə olaraq, arterial təzyiqinə daha yaxşı nəzarət edən RAAS inhibitorlarının hipertenziv şəxslərdə immun sisteminin balanssızlığı qismən məhdudlaşmasına kömək edə bilər. Bu səbəbdən, mütəxəssislərin çoxu, ÜDX müalicəsi üçün bir çox dərman preparatların faydalı təsir göstərə biləcəyini, ürək xəstəliyinin pisləşməsinin və COVID-19 infeksiyasından ciddi ağciyər zədələnməsinin riskini azaltdığını göstərir. Buna görə antihipertenziv dərmanların qəbulu tam şəkildə davam etdirilməlidir”.
“COVID-19” testi pozitiv çıxan xəstənin vəziyyəti təcili xəstəxanaya yerləşdirilməsini tələb etmirsə o, evdə müalicə oluna bilər. Y. Nağıyevin sözlərinə görə, xəstənin mənzilində ayrıca bir otaq olmalıdır və həkimin bütün reseptlərinə əməl edilməlidir. Yaşlı insanlarla birlikdə yaşayan və ya xroniki xəstəlikləri olan pasiyentlər xəstəxanaya göndərilməlidir. Evdə müalicə alarkən xəstənin vəziyyəti pisləşirsə o, hospitalizasiya olunmalıdır. Yaşlıların evdə müalicəsi digər yaşdakı xəstələrin müalicəsindən heç bir şəkildə fərqlənmir, xüsusi dərmanlar yoxdur. Yaşlı insanlar ilk növbədə sağlamlığı qorumaq üçün ümumi tövsiyələrə əməl etməlidirlər. Onlar üçün mütəmadi fiziki aktivlik vacibdir (gündə ən az 20 dəqiqə) və balanslı qidalanma. Müsbət münasibət və yaxınları ilə davamlı ünsiyyət çox vacibdir.
Ürək-damar xəstələrinin koronavirusa qarşı peyvəndi mütləq şəkildə edilməlidir. Çünki “COVID-19” ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir.
Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir”.
Şahvələdova Zəhra

Tarix: 4-05-2021, 13:37


Bölməyə aid digər xəbərlər