18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Sağlamlığımızın keşikçilərini tanıyaq!


Xocalıların sevimlisi
Xocalı Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Aqil Məmmədov həm də poeziyası ilə könülləri oxşayır, dərdlərə məlhəm olur
Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinib yaddaşlarda daşlaşan Xocalı 28 ildir ki, nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta “dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, nənələrin ağı-bayatısına çevrilib tar-mar edilib. 
Doğma yurd yerlərindən perik düşüb respublikanın əksər bölgələrinə səpələnmiş xocalılılar əsasən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıblar.  “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi Gəncə şöbəsinin rəhbəri, Xocalı rayon səhiyyə şöbəsinin müdiri Aqil Məmmədovun ailəsi (ata-anası, qardaş-bacısı) o dəhşətli günlərdən  “salamat”  çıxanlardan olub. Həmin gecənin müsibətlərini  yaşayan atası Kamran Məmmədov da yaddaşında və dərdli-niskilli sinəsində, qəmli  baxışlarında yeni nəsilə çatdırır. Doğulduğu Kosalar kəndinin cəsur, qorxmaz döyüşçüləri haqqında yazılmamış, oxunmamış bir ”qara dastan” başladı: “Xocalının inzibati təşkilatları, dövlət strukturları  Goranboy rayonunun düşmənlə üzbəüz olan Ağcakənd qəsəbəsində yerləşir. Ona görə də, xocalılılar qəsəbəni rayon mərkəzi kimi tanıyırlar. Yurdu yağmalananların bir qismi Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisində yeni salınan qəsəbədə və Abşeron rayonundakı “Gənclik şəhərciyi” məhəlləsində məskunlaşıb.  “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi Gəncə şöbəsinin rəhbəri kimi də  o gecənin fəryadını dünyaya, o cümlədən qardaş Türkiyənin ayrı-ayrı bölgələrində xalqa olduğu kimi çatdırmaq missiyası ilə son bir neçə ildir ki,  üzərimə düşən vətəndaşlıq borcunu yerinə yetirməyə çalışıram. Bu il də Türkiyənin bir neçə mərkəzi yaşayış məntəqəlrində, eləcə də ali təhsil ocaqlarında görüşlər keçirir, düşmənin vəhşilikləri barədə daha ətraflı məlimatlar yayırıq. “Xocalıya ədalət” kampaniyası”nın silsilə tədbirləri yalnız faciənin ildönümü ərəfəsində deyil, il boyu təşkil edilir ki, bildiyimiz kimi,  bu da  Heydər Əliye Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsüdür”. 
Aqil Məmmədov dünyaya göz açdığı Kosalar kəndinin dünəninə xəyali səyahət etdikcə nələr yaşadığını sözlə ifadə etməyə çalışdı: “Körpəlik beşiyim, uşaqlığım və gəncliyimi keçirdiyim Kosalar Qırxqız dağının qoynunda yerləşib, Xankəndi şəhərindən 14 km şimal-qərbdə, Şuşa və Laçının ərazisi ilə həmsərhəd olub, dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir. Tarixi mənbələrdən və araşdırmalardan məlum olub ki, təməli təxminən 1650-ci ildən qoyulmuş Kosalar 6 yaşayış məskənini birləşdirən kənddir. Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən, Qaragav kəndləri tarixən qəhrəman igidlər məskəni  kimi tanınıb, əhali əsasən əkinçilik, maldarlıq, arıçılıq, quşçuluqla məşğul olub. 1904-1905-ci illərdə erməni quldurları Qarabağda milli münaqişə yaratdıqları zaman Kosalara da dəfələrlə hücum ediblər. Lakin Kosaların Qaçaq Mahmud, Avdıl Hüseyn, Ağa Əli, Rza, Pənah, Mirzalı, Qasım, Həbib, Tağı, Məşədi Cavad kimi qeyrətli oğullar öz yurdlarını qoruyaraq düşmənə mərdliklə sinə gəriblər. 
Birinci Qarabağ müharibəsi başlanandan Kosalar uğrunda gedən döyüşlərdə erməni quldurları həmişə layiqli cavablarını almışlar. Bu döyüşlərdə Kosaların igidləri də qəhrəmanlıqla şəhid oldu. Kosaların 2 Milli Qəhrəmanı ( biri ölümündən sonra), 1 “Azərbaycan Bayrağı” ordeni, 4 “ İgidliyə görə“ medalı ilə təltif edilmiş igidləri, 21 şəhid ailəsi, 49 Qarabağ əlili var.  
2 min nəfərlik əhalisi olan Kosalar kəndinin barmaqla sayılacaq qədər azalmış  ağsaqqallarından biri də Kamran Məmmədovdur. 1940-cı il may ayının 9- da Kosalarda anadan olub. Uşaq vaxtlarından  əməyə alışıb, Şuşa kənd Təsərrüfatı Texnikumunu bitirib, kolxozda təsərrüfat briqadiri kimi çalışmış Kamran Məmmədov  da Xocalının yer üzündən silinən gecə müsibətlərin şahidi kimi sinəsi yurd dağlıdır. Dağlar qoynunda yerləşən Kosalar kəndinin ictimai-siyasihəyatında fəallıq göstərən, xeyir-şər işlərində yaxından iştirak edən Kamran Məmmədov Birinci Qarabağ müharibəsi zamanı el-obanın müdafiəsində dayanan kənd igidlərinin sırasında olub. 
Xocalı soyqrımının canlı şahidi və həmin gecədə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən Əlif Hacıyevlə son telefon əlaqəsi olan Kamran Məmmədovun - el ağsaqqalının 4 oğlu, 1 qızı var. Vətənin keşiyində duran və qayğısını çəkən oğlanları - Kamil Məmmədov II qrup Qarabağ əlilidir. Müharibə veteranı, “Tərəqqi” medalı ilə təltif edilən, “Xocalı Soyqırımını Tanıtma” İctiimai Birliyi Gəncə şöbəsinin sədri Aqil Məmmədov Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi,  Nəsimi Məmmədov  Dövlət İmtahan Mərkəzi Gəncə Regional bölməsinin sədri, Ehtiram Məmmədov isə diş texnikidir. 
Kamran əmi danışdıqca xəyalları “duman-çən”də azır, fikri dolaşır. Birtəhər yaddaşını bərpa edib deyir ki, Xocalının mühasirə illərindən Kosalar kənd məktəbində qərargah yaradılmışdı. Xocalı odlara qalanan gecə  o da qərargahda olub. Hava telefonunda Qarabağın igid, cəsur oğlu, Azərbaycanın Milli Qəhrəmanı Əlif  Hacıyevin səsini eşidirmiş: ”Haray çəkirdi, Xocalıya kömək istəyirdi. Gecə saat 12-ni keçmişdi. O, Xocalının od tutub yandığını bildirir, hücumun qarşısını kəsmək və ləngitmək  üçün Həsənabadla Xankəndinin hədəfə alınmasını istəyirdi. Canhəsən postunda bir topla, qrad qurğusu var idi. O gecə Əlif Hacıyevin hava telefonu ilə  “sizdən də bizə kömək olmadı...” harayı  Ağsu aşırımındakı milis postunda da eşidilmişdi. Qəhrəman, igid komandirin sonuncu kəlmələri də Xocalıya kömək göstərilməməsini təsdiqləyirdi. Xocalı təklənmiş, yerdən-göydən əli üzülmüş xocalılılar kimi, o gecə sonuncu harayını eşitdirdi Əlif Hacıyevin səsində, təəssüf ki, susduruldu..."
Xocalı müsibətlərindən "salamat" çıxan Xalidə və qardaşı Rauf Qəmbərovlar olublar. Xalidə Qəmbərova ilə Xocalının tarixini özündə əks etdirən Yaloba kənd tarix-diyarşünaslıq muzeyində görüşdük. Dərd insanı  tez dilləndirər, amma bir nəslin yadigarı olan Xalidə  Qəmbərova sanki susmağı ilə anlatmağa çalışdı  gördüyü, yaşadığı, çəkdiyi müsibətləri. Bir ayın gəlini olan Xalidə xanım-xatınlıq günlərini əlindən alan o müdhiş gecədən salamat çıxmasına nəinki sevinir, əksinə, yurdu dağılan, ocağı sönən xocalılılardan danışmağın əzabını yaşayır. Bəzi məqamları ona xatırladan Yaloba kənd tarix-diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov divardakı şəkilləri bir-bir göstərərək izahat verir: “Bu, yeddi  nəfərini  bir gecədə itirmiş ailənin başçısı Qəmbərov Qarsalan Gəray oğludur. 1941-ci ildə Xocalının Kosalar kəndində anadan olmuşdu. Onun necə vətənpərvər olmasını yalnız Xocalı sakinləri deyil, Xankəndidə erməni yaraqlıları da yaxşı bilirdi. Məktəbyaşlı nəvələri  ilə birlikdə qətlə yetirilən Qəmbərova Validə Boran qızı  onun ömür-gün yoldaşı idi. 50 yaşında erməni gülləsinə tuş gəldi. Qəmbərov Nadir Qarsalan oğlu da 1972-ci ildə Xankəndidə doğulmuşdu. Oradakı N.Gəncəvi adına orta məktəbin IX sinifində oxuyanda, yəni 1988-ci ildə Xankəndidə  ermənilərin  “miatsum” deyib qışqıraraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi  tələbi ilə nümayişlər keçirəndə dəfələrlə daşnakların hücumuna məruz qalmışdı. Həmin ilin sentyabrında -  azərbaycanlıların Xankəndidə vəziyyətlərinin ağırlaşdığı günlərdə onların da ailəsi  Xocalıya pənah gətirmişdi. Ona görə də düşmənə nifrəti gündən-günə artmışdı. Nadirin böyük qardaşı Səfər isə 1963-cü ildə Xankəndidə anadan olmuşdu. Taleyinə  Xocalının 25 fevral 1992-ci il müsibəti yazılanlardan oldu. O gecə Səfər, həyat yoldaşı və iki balası (1983-cü il təvəllüdlü Esmira və 7 yaşlı Emin) ilə erməni vandalizminin qurbanına çevrildilər”.
Xocalının başı üzərini qara bulud alanda Səfər  qardaşı Raufla döyüşən batalyonun  sıralarında idi. Ermənilərin Meşəlidən çıxarılmasında və digər əməliyyatlarda fədakarlıq göstərmişdi. Qaniçən daşnaklar Səfərin iki balasını və həyat yoldaşı Mətanəti ürəyindən vurmuşdular. Bir nəslin yeddi  üzvü beləcə getdi…”
Qarsalan Qəmbərovun yeganə oğul yadigarı Raufdur. O faciəli günləri Rauf da xatırlaya bilmir. Dəhşətli günlərdə itirdiyi əzizləri və doğmalarının müsibətlərini  dilə gətirməyi bacarmasa  da, deyir ki, bir gecənin içində hamımız pərən-pərən düşdük. Bilmirdik ki, kim harada qalıb. Anam və gəlinimiz ağır yaralı idi. Onlara heç cür kömək göstərə bilmədiyim məni hələ də yandırır. Ailənin daha bir şəhid üzvü - Qəmbərova Mətanət Hacı  qızı Xocalıya Naxçıvandan gəlin köçmüşdü. Qarabağ adət-ənənəsi ilə toyları çalınanda ağlına da gətirməzdi ki, onun ailə-uşaqcanlı olduğundan, qohum-qonşularla tezliklə qaynayıb-qarışmasından, onu doğmaları kimi çox istəmələrindən daha çox müsibətindən, amansızcasına qətlə yetirilməsindən danışılacaq. İki  balası və həyat yoldaşını qəfil itirəcəyinə inanmasa da, illər idi ki, xofda yaşayırdılar...
Xocalının  o gecə susdurulmuş haraylarının son zamanlar kifayət qədər eşidilməsi bir daha göstərir ki, dünya ictimaiyyəti bu haqsızlıqla həmişə barışa bilməzdi. Azərbaycanın regionda söz sahibinə çevrilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaişəsinin sülh danışıqları, beynəlxalq norma və prinsiplər əsasında öz həllini tapması üçün göstərdiyi konstruktiv mövqenin bir sıra beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən dəstək alması, “Xocalıya ədalət!” kampaniyasının daha geniş arenada keçirilməsi Qarabağın aranlı-dağlı ellərinə də fəsillərin öz vaxtında gələcəyinə əminlik yaradır.
Kamran Məmmədov “dərd yumağı”nı sarıdıqca neçə-neçə Xocalı ailəsinin başına gələn müsibətlər göz özünə gəlirdi. Dünya yola salmış el ağsaqqalının kövrəkliyi də elə bunlardandır. Qırxqızla Kirs dağlarında keçirdiyi ömür-gün sürmüş Kamran əmi Xocaldakı son gecəsini xatırlamağa gücü çatmır. Amma düşmənə nifrətini də gizlətmir. Qisasın qiyamətə qalmayacağına əmindir. Deyir ki, qırılmayan son ümid, sadəcə təsəlli deyil, həm də qələbə çalmağa ruh verir.  Dövlət başçısının son illər düşmənə qarşı göstərdiyi qətiyyətli və inamlı bəyanat və çağırışlarını  da qələbəyə aparan yolda vacib olduğunu deyir: “Əlbəttə, qarlı-çovğunlu qışdan sonra təbiətə,  elə insan ömrünə də bahar gəlir. Qarabağın baharı da gələcək. Çünki bu gün bəşəriyyətdə belə münaqişələrin aradan qaldırılmasına çalışanların, haqq-ədalət tərəfdarlarının sayı, Azərbaycanımızın isə  gücü, qüqdrəti hərtərəfli artmaqdadır...
Məhəmməd NƏRİMANOĞLU
“Azərbaycan”

Tarix: 17-06-2021, 17:18


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930