18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Bəxtiyar Hacıyev: "DTX-ni məhkəməyə verən kimi saxta yazışmalar yayıldı"


Sənay Qəhrəmanlı: "Saxta profildən yazıb məni hədələdilər"
Bir ay öncə gənc fəal Sənay Qəhrəmanlının "Facebook” hesabı ələ keçirilib.

Onun adından müxtəlif yazışmalar paylaşılır.

Sənay Qəhrəmanlı Meydan TV-yə bildirib ki, adından saxta yazışmalar yayılan "Facebook” hesabı təqribən bir ay əvvəl ələ keçirilib. Həmin dönəmlərdə "Instagram” hesabına da müdaxilələr olub, adından seksual xarakterli paylaşımlar edilən səhifələrə rəylər yazılıb: "Hələ o zaman mən hadisə ilə əlaqədar lazımi qurumlara şikayət ərizələri göndərmişdim. Lakin şikayəti araşdırmağı boynuna götürən Bakı Şəhər Baş Polis idarəsi hesabımı ələ keçirən şəxslərin kimliklərini müəyyən edə bilmədiklərini bildirmişdilər. Onların rəsmi məktubunu saxlayıram”.

Sənay Qəhrəmanlı deyir ki, iyunun 23-də günorta saatlarında həmin ələ keçirilən "Facebook” hesabından yenidən paylaşım edilib: "Bu paylaşım siyasi fəal Bəxtiyar Hacıyevlə bağlıdır. Guya onunla mənim aramdakı yazışmadır, amma saxtadır. Mən yazışmaların reallığı əks etdirmədiyini bildirən post yazdıqdan sonra elə həmin profildən mənə təhdid mesajları gəlməyə başladı. Mesaj yazan şəxs mənə bir il əvvəl baş vermiş bir hadisə ilə bağlı danışdığım səs yazısı, rəfiqəmin mənə atdığı şəkil (şəkildə heç nə yoxdur. Sadəcə, o şəkil heç yerdə paylaşılmayıb) göndərib. Həmin səs yazısını paylaşmaqla hədələyir”.

Sənay bildirib ki, bu şantajlara məhəl qoymadığını görüb, ətrafındakı insanlara xətər yetirə biləcəklərini vurğulayan mesajlar yazmağa davam ediblər: "Profilimi ələ keçirən, bu paylaşımları edən və mesajları yazan hansı qurumdur, bilmirəm. Özlərinə demişəm, indi açıq formada da bildirmək istəyirəm ki, etdikləri təhdidlərin heç bir əhəmiyyəti yoxdur. Dövlət qurumlarının insanların şəxsi məlumatlarını ələ keçirməsi qanunsuzdur və bu tip hədələrə və şantajlara məhəl qoymaq lazım deyil”.

Sənay Qəhrəmanlı bu dəfə də baş vermiş hadisə ilə bağlı aidiyyatı qurumlara şikayət ərizələri göndərəcək.

O deyir ki, artıq vəkili ilə danışıb və bu istiqamətdə işlərə başlayıblar: "Doğrusu, hər hansı bir araşdırma aparacaqlarını düşünmürəm, lakin bu tip hadisələrdə hüquqi yollarla dövlət qurumlarına təzyiq etmək zəruridir”.

Siyasi fəal Bəxtiyar Hacıyev isə "Facebook” hesabında bildirib ki, iyunun 23-də saat 17:00-da Dövlət Təhlükəsizliyi Xidməti ilə məhkəməsi olub.

Onun sözlərinə görə, saxta yazışma məhkəmə saatında yayılıb: "Həmişəki kimi öz aşağılıq, şərəfdən və ləyaqətdən uzaq xislətlərinə uyğun yollarla guya təzyiq eləməyə çalışdılar. Bunlar elə bilirlər ki, bu siçan-pişiklə, özlərini axırıncı yollara qoymaqla bunlardan əl çəkəcəyəm, sistemin başında durandan uzaq duracağam, yox, yanılırlar. Bir müddətdir Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, məhkəmələr mənimlə qaçdı-tutdu, siçan-pişik oynayırlar. Etdikləri bir qələti ört-basdır etmək üçün adları böyük qurumlardakı özləri cılızlaşmış adamlar çıxarmadıqları hoqqa qoymayıblar”.

Siyasi fəal bildirib ki, hər dəfə belə addımlar atıldıqca, haqqını tələb edəcək: "Siz xislətinizə uyğun addım atdıqca, qaçdığınız qədər qovacağam sizi. Hansı deşiyə girsəniz də, tutub çıxaracağam. Sisteminizin rəhbərinə də heç xoş münasibət yaranmayacaq. Hər belə addımınızda məni daha gücləndirirsiniz, cəmiyyət də artıq 2000-lərdəki cəmiyyət deyil. Sizi də, sizin əsl xislətinizi yazanları da ayıra bilir. Sedat Peker kimi "sizi kibrit qutusuna soxacaq qədər kiçildəcəm" deməyəcəyəm. Siz, zatən, kibrit qutusuna sığmayacaq qədər özünüzü kiçiltmisiniz. Vaxtınız olanda bir oynadığınız oyunlara, bir də adlarınıza baxın, görün nə günə düşmüsünüz”.

Azərbaycanda daha öncə də hökumətin əleyhinə çıxış edən jurnalistlərin, aktivistlərin, yazarların sosial şəbəkə hesabları sındırılmış, bəzi hallarda şəxsi yazışmaları, bəzi hallarda isə adlarından hazırlanmış yazışmalar, intim görüntüləri, səs yazıları paylaşılıb.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığını pozma adlanır.

Həmin maddənin 156.1.-ci bəndində deyilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətdir.

Bunu edənlər min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır: "Eyni əməlləri vəzifəli şəxs törədərsə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Bugünədək bu əməllərə görə cəza alan olmayıb.///Meydan TV

Tarix: 24-06-2021, 18:33


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
6-06-2021, 16:29 Kimdir müqəssir?
4-06-2021, 10:50 Ziyalı kimdir?