18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Futbol reportajı: "Mili iftixarımız, yığma komandamızda ölkəmizin yeganə təmsilçisi Vur Tut"


Hörmətli televiziya tamaşaçıları və radio dinləyiciləri! Mikrofonlarımız Bayal şəhərinin Feyzi Bayal adına mərkəzi stadionunda qurulub. Buradan bu gün keçiriləcək tarixi oyundan canlı yayında reportaj aparırıq. Bu gün Bayalstan Cümhuriyyətinin yığma komandası Bananstan Krallığının yığmasını qəbul edir. Bu görüşün qalibi-milli takımımızın zəfərinə şübhəmiz yoxdur, əminik ki, bu gün dünya futbol kuboku uğrunda yarışlara vəsiqə qazanacayıq. Bu vəsiqəyə bu gün məhz bizim komandanın sahib çıxması heç kəsdə şəkk-şübhə doğurmamalıdır. Axı yığmamıza dünyanın düz on ölkəsindən sayseçmə futbol ulduzları - legionerlər toplanıb. Hərəsinin də qiyməti bir milyard dollardan artıqdır. Bananstan komandasıyla tanış olmadığım üçün, öz milli takımımızın tərkibini nəzərinizə çatdırıram, hörmətli tamaşaçılar və dinləyicilər. Qapıçı - İngiltərəli legioner Gen Bol, müdafiəçilər - Rusiyadan Mixail Misgin, İvan İtkin və Vladimir Çirkin. Yarımmüdafiəçilər: italyalı legionerlər Oragetdi, Buragetdi və Haragetdi... Hücumçular - afrikalı legioner Eybi Var, İsraildən Noxud Burax, Hindistandan Adda Budda və nəhayət mili iftixarımız, yığma komandamızda ölkəmizin yeganə təmsilçisi, Bayalstan futbolunun parlaq ulduzu Vur Tut. Oyunu çinli hakimlər Ay Hay, Vay Vay və koreyalı hakimlər Kim Sən Sən və Sən Kim Sən - idarə edirlər. Beləliklə oyun başlayır, 90 dəqiqəlik gərgin mübarizədən şanlı qələbə marşrutuna çıxaçağımıza əminik. Artıq ilk uğurumuz göz qabağındadır. Oyunu məhz bizim futbolçular başlayır. İlk zərbəni mərkəz hücumçusu afrikalı Eybi Var edəcəkdir. Hakim fit verir. Eybi Var ilk zərbəylə topu Noxud Buraxa ötürür, amma top israilli oyunçuya çatmadan Bananstan futbolçusu qabağa şütüyür, topu ələ, daha doğrusu ayağa keçirir. İrəliyə cümür, cərimə meydançasına daxil olur. Zərbə. Qol... Təəssüf ki, oyunda hesabı Bananstanlı rəqiblərimiz açdı. Amma bunun heç bir əhəmiyyəti yoxdur. İrəlidə hələ 88 dəqiqəlik oyun var. Heç bir şəkk-şübhə yoxdur ki, ən qısa zamanda futbolçularımız cavab topu vuracaq, sonra isə yenidən rəqib qapısını fəth edərək qabağa çıxacaqlar. Bu dəfə topu oyuna Adda Budda daxil edəcəkdir. Vur Tuta pas verir. Vur Tut topu ələ keçirir. Bəli, təəssüf ki,  məhz ələ keçirir, yəni əllə oynayır. Bananlılar mərkəzi dairədən cərimə zərbəsi vuracaqlar. Aman Allah, belə uzaq məsafədən qapını necə sərrast nişan almaq olarmış. Futbolun vətəni İngiltərədən olan legioner qapıçı Gen Bol heç gözünü qırpa bilmədi ki, top tora düşdü, iki sıfır. Hələ ki, bananlar qabağa çıxıblar. Amma, yaxşı bilirsiniz ki, hörmətli tamaşaçılar və dinləyicilər, bu hələ heç nə demək deyil, hələ uzun bir vaxt ehtiyatımz var, şübhəsiz, bu təsadüfi qollar cavabsız qalmayacaq. Futbolsevərlər yaxşı xatırlayır ki, hələ keçən əsrdə dünya futbol çempionatında Şimali Koreya komandası, xatırımdan çıxıb, hansısa Latın Amerikası ölkəsinin qapısına elə oyunun başlanğıcındaca üç top vurmuşdu. Bütün dünya mat məəttəl qalmışdı, amma oyun boyu Latın Amerikası futbolçuları nəinki üç topa üç cavab topu vurdular, hətta dördüncü topu rəqib qapısından keçirib oyunun qalibi oldular. Bizdə isə hesab hələlik, ancaq iki sıfırdır... yox... bağışlayın, artıq üç sıfır oldu... 

Reportajımızı davam etdirək. Havalar isti keçir, dənizdə çimənləri xəbərdar edirik ki, ehtiyatlı olsunlar, artıq bir neçə əcnəbi turist dənizimizdə nərə balığına, yəni akulaya yem olub. Bir neçə dəqiqə də «Şəbnəm» meyvə şirəsinin reklamına yer veririk. Bizdən ayrılmayın. Beləliklə reklamdan sonra reportajımızı davam etdiririk. Əfsuslar olsun ki, reklam müddətində rəqiblərimiz qapımızdan daha iki top keçirə bildilər. Amma bu hələ oyunun birinci yarısıdır. Futbol azarkeşlərimiz, heç də məyyus olmasınlar. Rəqiblərimiz qırx dəqiqə ərzində qapımıza beş top vura biliblərsə, biz də qalan əlli dəqiqədə beş yox, altı top vurub qalib gələ bilərik. Buna komandamızın iradəsi, məharəti, fərasəti, cəsarəti, əzəməti, qələbəyə sarsılmaz məhəbbəti əsas verir. Qisas qiyamətə qalmaz - deyiblər, bizim qisasımız da on beş dəqiqədən sonraya - oyunun ikinci yarısına qalır. Beləliklə, Feyzi Bayal stadionundan canlı yayınla futbol reportajımızı davam etdiririk.  Sevimli tamaşaçılar və dinləyicilər, yəqin artıq bilirsiniz ki, oyunun birinci yarısı bizim komanda üçün o qədər də uğurlu olmadı. Amma heç bir şübhə yoxdur ki, Əməkdar məşqçimiz Amandurdu Yamandurdu fasilə zamanı oyunçularımızı yeni taktiki üsullarla təlimatlandırıb və oyunun sonuna qədər bu stadiondan hamımız qələbə sevinciylə ayrılacayıq. Beləliklə, oyunun ikinci yarısı başlanır. Top Vur Tutdadır. Vur-tut topu mərkəzdən öz qapımıza tərəf aparır. Görünür, bu məşqçi Amandurdu Yamandurdunun verdiyi yeni taktiki təlimatdır. Doğrudan da maraqlı fənddir. Bananstan futbolçuları hələ ki, Vur Tuta heç bir əngəl törədə bilmirlər, elə özümüzünkülər də istedadlı oyunçumuzun parlaq fintlərinə təəccüblə tamaşa edirlər. Vur Tut cərimə meydançasına daxil olur, bizim cərimə meydançamıza, nə qəribə, nə maraqlı bir taktikadır. Qapıya yaxınlaşır, zərbə! Qol!.. Möhtəşəm bir qol... Vur Tut topu öz qapımızdan keçirdi. Şübhəsiz, bu məşqçinin tapşırığı ola bilməzdi, yəqin ki, gənc  futbolçumuz qapıları dəyişik salıb, oyunun ikinci yarısında qapıların yerlərini dəyişdiyini nəzərə almayıb. Əlbəttə, bu gənc futbolçunun təcrübəsizliyindən ola bilər. Amma qol doğrudan da möhtəşəm idi. Kaş bu zərbəni rəqib qapısına vuraydı! Necə də sərrast zərbə idi! Qapıçı Gen Bolçün də tam gözlənilməz oldu bu zərbə. Şübhəsiz Vur Tutun mahir bombardir kimi parlaq gələcəyi var. Nə isə, oyun yenidən mərkəzdən başlayır. Oragetdi topu Buragetdiyə, o da öz növbəsində Haragetdiyə ötürür. Sonra Haragetdi Buragetdiyə, Buragetdi Oragetdiyə pas verir. Öz aralarında oynayırlar. Məqsəd aydındır, topu mümkün qədər çox özümüzdə saxlamalıyıq ki, yenidən rəqiblərə keçməsin, hesabı artıra bilməsinlər. Şübhəsiz, bu təsadüfi məğlubiyyətlərdən sonra komandamız bir az toxtamalıdır, bir az qüvvət toplamalı, sonra var gücüylə qəti hücuma keçib rəqibi darmadağın etməlidir. Zərbə. Qol. Hesab 7:0 oldu. Bu qolun təqsirkarı şübhəsiz qapıçı Gen Boldur, qol təcrübəli qapıçının sadəcə diqqətsizliyinin nəticəsidir. Rəqib komanda hücuma keçib əvvəlcə cərimə meydançamıza, sonra da qapımıza yaxınlaşarkən Gen Bol cib telefonuyla kiminləsə danışırdı, odur ki, təhlükədən vaxtlı-vaxtında duyuq düşə bilmədi. Amma oyunun axırına hələ xeyli var, hələ hər şey dəyişə bilər. Hər halda, heç zaman ümidimizi itirməməliyik. Səkkizinci top da qapımızdan keçdi. Oyunun axırına hələ on dəqiqə var, hər dəqiqə bir top vursaq hesab bərabərləşər, qalan iki dəqiqədə isə iki olmasa da, ən azı bir top vurub qalib gələ bilərik. Amma, heyf... doqquzuncu top da üç müdafiəçinin Misginin, İtkinin, Çirkinin bir-biriylə dalaşıb yumruqlaşması nəticəsində qapıya vuruldu. Hakim hər üçünə sarı vərəqə göstərəndə hər üçü hərəsi bir hakimin üzünə tüpürdü. O zaman hakim qırmızı vərəqələr çıxarıb üçünü də meydançadan qovdu. Əlbəttə, oyunçular, lap elə legionerlər olsun, futbol etikasına riayət etməlidir. Qol vura bilmirlərsə, heç olmasa, bir-birini vurmasınlar. Hakimlərin üzünə tüpürmək də beynəlxalq əxlaq qaydalarına görə nəzakətli hərəkət sayıla bilməz. Böyük məbləğlərlə dəvət etdiyimiz legionerlər ölkəmizin gənc futbolçularına örnək olmalıdırlar. Bugünkü oyunda futbolçularımızdan yalnız Vur Tut bir top vura bildi, o da öz qapımıza. Amma insafən demək lazımdır ki, hazırda meydanda cəmisi səkkiz oyunçumuz qalsa da onlar yeri gəldikcə bananları yıxıb sürüyürlər. Hakim isə daha bir futbolçumuza qırmızı vərəq göstərməkdən çəkinir, bəlkə yenə də üzünə tüpürüləcəyindən qorxur. Bananlar da bizimkiləri cavabsız qoymur. Üç banan futbolçusu Noxud Buraxı vurub burnunu qanatdılar. Hakim Bananstan komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edir. Axır ki, necə deyərlər, prestij qolu vurub, hesabı, necə deyərlər, islada bilərik. Cərimə topunu Eybi Var vuracaq. Geri, mərkəzi dairəyəcən cəkilir, oradan qaçaqaça gəlib 11 metrlik yerinə çatır. Zərbə. Top Şimal tribunasının sonuncu sırasına düşür. Belə güclü , belə möhtəşəm zərbəni qapıya  düz nişan alaraq vursaydı nə qiyamət olardı!.. Bananların doqquz qoluna dəyərdi. Heyf... Bananlar yenə hücumdadırlar. Zərbə. Qol. Əlbəttə, rəqiblər on bir nəfər, bizimsə meydanda səkkiz oyunçumuz qalıb, belə olacaq da. Məğlubiyyətimizin bir səbəbkarı da hakimlərdir. Yaxşı ki, oyunun son dəqiqəsidir. Bu bıabırçılıq sona yetir... Hörmətli televiziya tamaşaçıları, radio dinləyiciləri, istəkli futbol həvəskarları, sevimli azarkeşlər, heç də qüssələnməyin, kefinizi pozmayın. Müxtəlif ölkələrin legionerləri bizim milli yığmamızın şərəfini hələ çox yüksəkliklərə ucaldacaq, bizi əzmlə qələbədən-qələbəyə aparacaqlar. Gələcək möhtəşəm zəfərlərimizə heç bir şəkk-şübhəniz olmasın. Gecəniz xeyə qalsın, yuxunuz şirin olsun. Feyzi Bayal stadionundan reportajı Tartan ibn Partan və Çərən fon Pərən apardılar. 
Anar.««Molla Nəsrəddin» 110 il sonra» . Futbol reportajı. Bakı. 2016

Tarix: 3-07-2021, 01:21


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?
6-06-2021, 16:55 Sürüş Suruş
17-06-2021, 18:47 Özbək mədəniyyəti


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930