18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Alınan mallar geri qaytarılmır?


İstehlakçı öz hüquqlarının qorunması üçün nə etməlidir?
Bəzi mağaza və səyyar satış mərkəzlərində “Alınan mallar geri qaytarılmır”, “Malı yalnız 3 gün ərzində qaytara bilərsiniz” və sair oxşar məzmunlu lövhələrə rast gəlinir. Lövhələrdə bu “postulatların” müəllifi kimi də adətən, “müdiriyyət” göstərilir. Bəzi alıcılar bu lövhələrdə yazılanları “qanun” kimi qəbul edir, digərləri satıcı və ya xəzinədarla polemikaya girir, üçüncüləri isə öz hüquqlarını bildikləri üçün bu cür elanlara heç bir əhəmiyyət vermirlər. Bu məsələni kökündən həll etmək üçün istehlakçıların hüquqlarını qoruyan dövlət orqanına müraciət edərək bizi maraqlandıran bütün suallara cavab aldıq. Sən demə, bu tip lövhələr bir növ, özünü sığortaetmə məqsədi ilə mağaza “müdiriyyət”i tərəfindən düşünülmüş “dahiyanə” ideyadır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, ticarət yerlərində bu tip lövhələrin asılması istehlakçı hüquqlarına ziddir.
-Alınan mal hansı qaydalarla geri qaytarıla bilər?
-İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan alınan malı eyni keyfiyyətli digər mala dəyişdirmək və ya satış qiymətini uyğun məbləğdə azaltmağı tələb etmək hüququna malikdir. Məhsulun  qüsurlu olmasını sahibkar inkar edirsə, istehlakçı məhsulun keyfiyyəti ilə əlaqədar yoxlanılmasını və yekun rəyin ona təqdim olunmasını tələb edə bilər. Sahibkarın rəyi ilə razılaşmadığı təqdirdə, istehlakçının müstəqil olaraq ekspertizaya müraciət edib rəy almaqla, haqlı olduğu halda bütün xərclərin ödənilməsini sahibkardan tələb etmək hüququ var. Təbii ki məhkəmə yolu ilə. Nəhayət, alınan mal geri qaytarılan zaman malın qüsurları icraçı (satıcı, istehsalçı) hesabına aradan qaldırılmalı və çəkilən xərclər ödənilməlidir. İstehlakçı müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini də tələb etmək hüququna malikdir. Sahibkar istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və alıcının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur.
Bu məsələdə istehlakçıların da riayət etməli olduğu qaydalar var. Məsələn, aldığı malı geri qaytarmaq istəyi varsa, həmin məhsulun əmtəə görünüşünə heç bir xələl gəlməməlidir. Məhsulun istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlamalı və təqdim etməlidir.
-Keyfiyyətsiz malın əmtəə görünüşü pozularsa, həmin mal geri qaytarılarkən əlavə pul tutula bilərmi?
-İstehlakçı lazımi keyfiyyətdə olmayan malı geri qaytararkən malın əmtəə görünüşünün itirildiyinə, tam və ya qismən istifadə edilməsi ilə əlaqədar dəyəri azaldığına və digər bu kimi əsaslara görə satıcı ilkin ödənilmiş məbləğdən hər hansı məbləğin çıxılmasını tələb edə bilməz.
Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə də tətbiq edilə bilər.
Amma istehlakçılar da unutmamalıdırlar ki, bəzi məhsullar ümumiyyətlə, qaytarılmır və dəyişdirilmir. Həmin məhsullara qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanan məmulatlar, kosmetika malları, kişi, qadın və uşaq çimərlik geyimləri, alt paltarları, uşaq oyuncaqları, şəxsi gigiyena məhsulları və s. aiddir.
Beləliklə, qanunvericiliyi təhlil etdikdə belə qənaətə gəlmək olar ki, ilk növbədə istehlakçı aldığı malı qaytararkən sahibkardan öz hüquqlarını tələb etməli, nəticə olmadıqda isə istehlakçıların hüquqlarını qoruyan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə eyni zamanda məhkəməyə müraciət etmək hüququ var.
Hesab edirik ki, sahibkarlar daha məsuliyyətli olsalar və istehlakçıların şikayətlərinə operativ reaksiya versələr, həm alıcıların rəğbətini qazanar, həm də istehlakçı hüquqlarının pozulmasına görə cərimə ödəməyəcəklər.
Bir sözlə, “müdiriyyət”in nə yazıb-yazmadığından asılı olmayaraq, 
alınan mallar geri qaytarılır!


Tarix: 17-08-2021, 11:35


Bölməyə aid digər xəbərlər
20-07-2021, 09:05 Şair Səyyad Sərraf
6-06-2021, 16:29 Kimdir müqəssir?
6-06-2021, 16:55 Sürüş Suruş


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930