18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Şair Səyyad Sərraf


Görkəmli şair Səyyad Sərraf

Təpər gəldi söz dizinə,
Sevinc qondu bənizinə,
Düşüb şairin izinə
Gülə-gülə bizə gəldi. 

   Dəyərli ədəbiyyat xadimi, ədəbi-bədii fikrin inkişafında mühüm rol oynayan, Azərbaycan xalqını həmişə ləyaqətlə təmsil edən Səyyad Sərraf 1962-ci ildə dünyaya gəlmişdir. Yaradıcılığında insanlara həmişə güclü diqqət, qayğı, sevgi özünü göstərir. Ədəbiyyatımızda öz tarixiliyi, orijinallığı, həyatiliyi, bədiiliyi ilə diqqət çəkən Səyyad Sərraf şəxsiyyəti geniş tədqiqata malikdir. Modernizm və klassisizm ruhunun sintez olunduğu əsərləri Azərbaycan poetik fikir tarixində mükəmməl iz qoymuşdur. 
   O prinsipial, qətiyyətli, həyatda, cəmiyyətdə baş verən haqsızlıqlara dözməyən ictimai xadimdir, xalqın şairidir. Dünyada baş verən proseslərə hər zaman obyektiv, haqlı formada münasibət bildirmişdir. Şairin “İçində” şeirinin ilk misralarından onun həyatda tutduğu mövqe açıq-aşkar hiss olunur: 

Bir ömür yaşadıq,buna min şükür,
Hələ yer almadıq mədhlər içində.
   
Şairin “İçində” şeirində ictimai, sosial, siyasi, fəlsəfi məsələlərə  toxunulmuşdur. 
   Əsərlərini lirik, epik növdə qələmə alan Səyyad Sərraf heca vəznli şeirləri ilə çağdaş poeziyamızda spesifik rol oynamaqdadır. Müəllifin bəzi şeirlərində ictimai kədərlə, şəxsi kədər yanaşı qoyulur, amma ayrı-ayrılıqda baxsaq bu motivlərə müstəqil formada da rast gəlinir. Nikbin ruhun güclü duyulduğu, həm də müxtəlif problemlərdən danışılaraq mükəmməl didaktik və bədii çalarların təqdim edilməsinə yönəlmiş şeirlərindən biri də “Yaz barı” rədifli əsəridir. 

Dünya etibarsız, ömür çox qısa,
Əbədi yaşarsan, söz mülkün varsa.
Bir gün qəhərlənib gözlərin dolsa,
Sil qara günləri, ağı yaz barı.  

   Dünya ədiblərinin demək olar ki, hamısında sevgi mövzusuna geniş yer verilmişdir, lakin sevgi mövzusunda da eyni fikirlərin deyilməsi oxucu tərəfindən sevilsə də, ədəbi tənqidçi tərəfindən birmənalı qarşılanmır. Bir mühüm məqamı qeyd edək ki, xarizmatik şəxsiyyət Səyyad Sərrafın məhəbbət motivli şeirlərində də cəlbedici yeniliklər var. Bu əsərlərdən birinə nəzər yetirək: 

Külli ixtiyarım onun əlində,
Çırpına qalmışam qara telində.
Daha onunkudur sağım, ölüm də,
Od vurar cismimə, görərsən bişdi.

Daha sevgi şeiri istəmə məndən,
Qorxuram, düşərəm bir anda gözdən.
Daha ilişmişəm evlənən gündən,
Əzizim, evlilik çox çətin işdir!
 
“Sevdim sətir-sətir səni” şeiri : 

Səhər-səhər nazlı gülüm,
Sevdim sətir-sətir səni.
Müşkü-ənbər qoxun ilə,
Din, imana gətir məni.

Nəm çəkdikcə buludlardan,
Güc aldın sən bu torpaqdan.
Bitdiyin  sərt yamaclardan,
Xatırladırsan çəməni.

   Tarixi ədəbiyyat araşdırmalarına nəzər saldıqda görürük ki, şairlərin  böyük bir hissəsi maddi çətinliklərə məruz qalmışdır. Düzdür, saray şairləri maddi baxımdan çətinlik çəkməsə də, istisna hallarda onların da qəlbində bir növ müstəqilliyə maraq var idi. Bütövlükdə nəzər saldıqda isə şairlərin yoxsul olmaları ilə bağlı dünya ədəbiyyatında bir neçə məşhur əsər qələmə alınmışdır. Bu əsərlərdən biri də “Şairin” adlı şeirdir. Müəllifi  S. Sərraf olan bu əsərin bir neçə misrasına nəzər yetirək: 

Çoxları qaz vurub qazan doldurur,
İldə bir yol bişər aşı şairin.

Bu misralar əslində bəzi şairlərin maddi durumları haqqında aksiomadır və ya: 

Elə hey qayğılı görünər, gəzər, 
Nə dərddən usanar, nə qəmdən bezər.

 sətirləri də şairlərin özlərindən çox xalqını düşünmələrini təsdiq edən tərifdir. 
   Dahi şairin yaradıcılığında, həm də vətən şeirləri özünəməxsus yer tutur. "Vətəndir" şeiri ilə əbədi iz qoymağı bacaran, söz-söz, misra-misra, duyulub sevilən bu əsər nəzəri cəhətləri ilə əhəmiyyətli rola malikdir: 

Bu taledir, belə gəldi mənimki,
Qəza gəlsə, mənim, sənin demir ki,
Mən insanam, qəlbim dəmir deyil ki,
Yurd yerimi unutmağım çətindir,
Hər kol dibi, qaya üstü Vətəndir.

Səbr etdikcə inildədi ürəyim,
Daşdan çıxdı burda suyum, çörəyim.
Ayrılığa dözəmmirəm, neyləyim?
Bu həsrətim mən ölüncə bitəndir,
Hər kol dibi, qaya üstü Vətəndir.

   Səyyad Sərrafın şeir dəryasına baş vurduqda nikbin, optimist ruhlu əsərlərlə bərabər, həm də bədbin ruhlu şeirlərə də rast gəlirik. 
Nümunə olaraq: 

Elə bilirdim ki, bir mənəm dərdli,
Mənim tək dərdlilər çox imiş demə.

Sönük işartıya şölə demişəm,
İçimdə ağlayıb üzdə gülmüşəm.
Yaxamda qan görüb lalə bilmişəm,
Sinəmə sancılan ox imiş demə.

Sərraf, nə itirib  gəzirsən nəyi? 
Dolaşıq düşübdür ömrün ilməyi.
Bir vaxtlar “can” deyib, “can” eşitməyin,
Şirin xəyal imiş yuxuymuş demə. 

   Azərbaycan ədəbiyyatında orijinal yaradıcılıq manevrəsi ilə fərqlənən, əxlaqi-mənəvi keyfiyyətlərin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayan, fəlsəfi dərinliyi ilə sevilən şeirlərə imza atan görkəmli ədəbiyyat xadimi Səyyad Sərraf yaradıcılığına əmin və uğurlu addımlarla davam edir. 

Məqalənin müəllifi – Elşən Təhməzov

Tarix: 20-07-2021, 09:05


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930