18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
ETSN: Birdəfəlik plastik məmulatların istifadəsini qadağan edən qanunun tətbiqinə hamımız yardımçı olmalıyıq

ETSN: Birdəfəlik plastik məmulatların istifadəsini qadağan edən qanunun tətbiqinə hamımız yardımçı olmalıyıq
“Ətraf mühitin mühafizəsi haqqında” qanunda edilmiş dəyişikliyə görə, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, qaşıq, boşqab və stəkanların idxalı, istehsalı, satışı iyulun 1-dən qadağan edilir. Bu qanunun qəbul edilməsində məqsəd ətraf mühitin, sahil zolaqlarının, çimərliklərin, çay hövzələrinin, meşələrin və digər təbiət ərazilərinin çirklənməsində böyük paya malik birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastiklərin əvəzində onların alternativlərinin - kağız, bioplastik, şüşə, çox dəfə istifadə olunan məhsullar və s. gündəlik həyatımıza daxil olması üçün sahibkarlara əlverişli mühitin yaradılmasıdır”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev deyib.
M. Nəbiyev bildirib ki, pandemiya, yoluxucu xəstəliklərin başlıca səbəblərindən biri tullantıların düzgün idarə olunmaması, yaşadığımız mühitdə bu tullantıların gündən-günə artması hesab olunur: “Dənizdə, okeanda yaranan plastikin həcmini azaltmaq üçün beynəlxalq təcrübədə də birdəfəlik plastik məhsullarından istifadəni tam qadağan olunması və alternativlərin istehlakının genişləndirilməsi tədbirləri həyata keçirilir. Pandemiya və yoluxucu xəstəliklərə yol açan, təbiət üçün böyük bəlaya çevrilmiş plastik tullantıların azaldılmasını və onu əvəz edən məhsulların bazara daxil olmasını hədəfləyən belə qanunların icrasının gecikdirilməsi yox, sürətləndirilməsi və effektivliyinin artırılması həm istehsalçılardan, həm istehlakçılardan, həm də KİV nümayəndələrindən çox asılıdır.
Sadalanan məhsulları əvəz edən bir çox alternativ materialdan (fərqli kağız, bioplastik) hazırlanmış məhsullar mövcuddur. Həm də bu məhsulların çox dəfə istifadə olunanlarına üstünlük vermək lazımdır. Hökmən bir dəfə istifadə olunan və ətraf mühiti sonsuz dərəcədə çirkləndirən məhsullar olmalıdır deyə, bir yanaşma yoxdur. Burda məqsəd tullantıların, geri dönməyən tullantıların azaldılmasıdır”.
Nazirlik rəsmisinin sözlərinə görə, artıq bir neçə ildir, belə materialdan olan məhsulların ölkəmizdə də idxalı, istehsalı və satışı ilə bağlı sahibkarlar tərəfindən işlər görülür: “Lakin həmin sahibkarların dəstəklənməsi və bu işlərin səmərəliliyini təmin etmək üçün ətraf mühitə və təbiətə ciddi təhdid yaradan birdəfəlik plastiklərin məhdudlaşdırılması və mərhələli şəkildə istifadəmizdən çıxarılması çox vacibdir. Çünki bazar qanunlarına görə sahibkarlar hansı məhsula tələbat çoxdursa, onun idxalını, istehsalını və satışını genişləndirməyə üstünlük verir. Alternativlərin bazara daxil olmasını tezləşdirmək üçün haqqında danışdığımız qanunun tətbiqinə hamımız yardımçı olmalıyıq. Dəyişikliyə özümüzdən başlamalıyıq. Sadalanan məhsulların əvəzində, çox dəfə istifadə olunan qablardan, alternativ materialdan olan məhsullardan istifadəyə üstünlük verməliyik”.
M. Nəbiyev qeyd edib ki, pandemiya və yoluxucu xəstəliklərin gündən-günə artdığını nəzərə alaraq, tullantıların idarə olunmasına hazırkı münasibətimiz dəyişməsə, gələcəkdə bu cür yoluxucu xəstəliklərin intensivliyi daha da artacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni maddəyə əsasən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə üç min manatdan dörd min manatadək cərimə ediləcək.
Digər yeni maddəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək cərimə ediləcək.

Tarix: 29-06-2021, 15:37


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?