18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Kəlbəcər misralı Bəhmən Dəlidağlı

   
Tale gah güldürər, gah da kötəklər, 
Duyğular könlümü təklər, nə təklər. 
Qızara-qızara yanan kötüklər, 
Közərə-közərə düşən köz olur.

Sağlam düşüncəli, aydın zəkalı, iti qələmli, Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri də Bəhmən Dəlidağlıdır. 
Görkəmli şairin vətən, təbiət, ictimai motivli şeirləri balaca dünyanın böyük Azərbaycanına fokuslanmışdır. Gənc yaşlarından etibarən yazdığı misralarda doğma yurdunun gözəlliklərinin tərənnüm olunması ilə bərabər, həm də həyatda baş verən haqsızlıqlar Bəhmən Dəlidağlı poeziyasından mühüm bir xətt kimi keçirdi.  Onun vətən mövzusunda qələmə alınmış bir şeirinin təhlilinə nəzər yetirək:
Bu əsərlərdən biri də beşlik şeir ölçüsündə qələmə alınmış “El obamız o dağlara qayıdır” misralı əsərdir. Bildiyimiz kimi Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 3-ündən etibarən erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Üstündən onilliklər keçdikdən sonra müzəffər Azərbaycan ordusu həm Kəlbəcəri, həm də Qarabağı mərd şəkildə düşməndən azad etdi. 1993-cü ildən doğma yurdunun həsrətini çəkən şair Dəlidağlı bu şeiri ilə könüllərə su səpdi və hicran, kədər, üsyan dolu vətən şeirlərindən fərqli olaraq bir bayram əhval-ruhiyyəsi yaratdı. Qeyd etmək lazımdır ki, bu şeirdə təkcə Kəlbəcərə dönüş yox, həm də Qarabağa dönüş təsvir edilmişdir. 

Çal, ay aşıq, çal, könlümü sərinlət, 
El obamız o dağlara qayıdır.
Neçə-neçə viran qalmış evlərə, 
Neçə-neçə otaqlara qayıdır. 
El obamız o dağlara qayıdır.

Birinci misradan da göründüyü kimi xalq şeiri üslubunun əlamətləri duyulur, xüsusən Aşıq obrazı sonrakı sətirlərdə isə talan edilmiş yurd-yuvaya mükəmməl qayıdış təsvir edilir. 

Yamaclarda çiçəkləri üzməyə, 
Dəstələyib tellərinə düzməyə, 
Gedir yurdda səhəngini gəzməyə, 
Qız-gəlinlər bulaqlara qayıdır.
El obamız o dağlara qayıdır.

İkinci bənddə isə Azərbaycan torpaqlarının əsrarəngiz gözəlliyinə toxunulmuşdur, həm də tarixən gələn adət-ənənələrimiz özünü göstərir. 

Hər cığırda Şəhidlərin izi var. 
Söz yazmağa şairlərin sözü var. 
Bilirdim ki, vaxtın geci, tezi var. 
Ocaqsızlar ocaqlara qayıdır.
El obamız o dağlara qayıdır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Bəhmən Dəlidağlı bütün şeirlərində sözün düzünü, sözün özünü söyləyir. Əsərin üçüncü bəndində isə torpaqlarımızın işğaldan azad edilməsində ən mühüm rol oynayan şəhidlər haqqında məqama toxunulmuşdur. 

“Yurd yeri” çal yurd yeriyə köklənim.
Kövrəlmişəm, qoyma burda təklənim.
Xəyalımı yaylaqlara çək mənim.
Boz sürülər yaylaqlara qayıdır.
El obamız o dağlara qayıdır... 

4-cü bənddə də bədiilik, həyatilik, orijinallıq, fəlsəfilik özünü tam formada göstərir. “Yurd yeri” ifasının Aşıqdan istənilməsi, 3-cü misrada xəyalının yaylaqalara çəkilməsi arzusu həm də hər ürəyə sevinc verən istəkdir. 

Düz otuz il gözlərimiz ağlayıb, 
Yurd həsrəti sinəmizi dağlayıb.
Balasına qoynunda yer saxlayıb.
Dəlidağlı o çağlara qayıdır.
El obamız o dağlara qayıdır.

Sonuncu bənddə isə həqiqət bədii tonlarla təsvir olunur. 30 illik həsrət, işğalın qəlblərə verdiyi zülm haqqında danışılır. 

Bəhmən Dəlidağlı hər zaman yurdunun yayda günəşini, qışda qarını dünyada ən üstün tutduğu təbiət gözəllikləri hesab etmişdir. 21-ci əsrin əvvəllərində vətənin tərənnümü ilə dolu ürəyi, vətənin mübarizəsi ilə yüklənmişdir. Bu da özünü “El obamız o dağlara qayıdır” şeirində bariz formada göstərir. Ümumiyyətlə xarizmatik şəxsiyyət, görkəmli şair vətəninin hər bir daşına, hər bir vətəndaşına sahib çıxdı və bunu ədəbiyyatda yüksək səviyyədə qələmə verdi. Olduqca sadə, axıcı və xalq dilində şeirlər yazan Bəhmən Dəlidağlı poetikası bütünlükdə Azərbaycana həsr olunur. Şeirlərinin arxa fonunda dərin ictimai, siyasi, fəlsəfi, satirik məqamlar daşınılır. Bəhmən Dəlidağlının çiynində olan Azərbaycan adlı yükü, bəlkə də, şairi ağırlaşdıran, durğunlaşdıran yüklər idi. Əsərlərində həm də dünyanın ən yüksək meyarının insan olması qənaətinə də gəlinir. O kirpiyi ilə dünyanı dartmış, amma kirpiyini gözündən qırmamışdı. 
Azərbaycanın istiqlal şairi Dəlidağlı çağdaş ədəbiyyatımızda öz əsərlərini yazmağa davam edir və ən böyük arzusu doğma obası olan Kəlbəcərə getməkdir. Şairə oxucuları ən böyük arzusunun həyata keçməsini və yaradıcılığında nailiyyətlərinin bol və davamlı olmasını arzulayır. 

Yazar Elşən Təhməzov

Tarix: 3-08-2021, 14:53


Bölməyə aid digər xəbərlər
20-07-2021, 09:05 Şair Səyyad Sərraf
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930