18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Deputat: “Prezident İlham Əliyevin siyasəti qələbə və inkişafa hədəflənib”


“Prezident İlham Əliyevin siyasəti hər zaman qələbə və inkişafa hədəflənib”.
Bunu APA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.
C. Osmanov deyib ki, son 10 ildə əldə edilən siyasi və diplomatik uğurlar, iqtisadi sahədə əldə olunan nailiyyətlər, ordu quruculuğu sahəsində görülən işlər bir daha bunu təsdiq edir: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olan Azərbaycana 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyin həvalə olunması etimadın göstəricisidir. Qoşulmama Hərəkatına üzv ölkələrin xahişi ilə sədrliyin müddəti bir il uzadılıb. Ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib və 2012-ci ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edib. 2019-cu ildən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrlik edən Azərbaycan bu qurumun nüfuzunun artması istiqamətində mühüm işlər görüb. Bu illər ərzində ölkədə çoxsaylı mühüm beynəlxalq tədbirlər keçirilib. Bu sırada Bakı Beynəlxalq Humanitar və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarını, 2019-cu ildə Dünya dini liderlərinin II Sammiti, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, 2019-cu ildə “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümlərinə həsr olunmuş tədbiri və digərlərini qeyd etmək olar. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər beynəlxalq aləmdə dəstəklənib. Məsələn, 2008-ci il 2-3 dekabr tarixlərində Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. Azərbaycanın təşəbbüsü ilə konfransa ilk dəfə olaraq 10 islam ölkəsi də dəvət edilib və həmin tədbirdə yeni bir formatın əsası qoyulub. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib. 2009-cu ilin 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı 10-dan artıq Avropa dövləti dəvət olunub. Konfransın ilk günü tədbirdə iştirak etmiş Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirilib və birgə kommünike qəbul edilib. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü 130 ölkə tərəfindən rəsmi dəstəklənib. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının COVID-19-a həsr edilmiş Zirvə görüşünün də təşəbüskarı quruma sədrlik edən Azərbaycan Prezidenti olub. O cümlədən 2010-2020-ci illərdə Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq miqyasda çoxsaylı mühüm qərarlar, qətnamələr qəbul edilib. Azərbaycan Prezidentinin Ermənistanın işğalçı və qeyri-konstruktiv siyasəti ilə bağlı beynəlxalq müstəvidə apardığı hədəflənmiş fəaliyyəti, bu aspektdə 2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşü və 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransı xüsusi qeyd olunmalıdır. Dövlət başçısı bu beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edib, Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Təkcə bu illər ərzində Azərbaycanda daha 23 ölkənin səfirliyi fəaliyyətə başlayıb”.
Deputat Azərbaycanda 2010-2020-ci illərdə Cənubi Qafqaz iqtisadiyyatında 60% paya malik güclü iqtisadiyyat formalaşdırıldığına da diqqət çəkib: “Pandemiya isə bir daha Azərbaycan iqtisadiyyatının dayanıqlılığını ortaya çıxardı. Dövlət başçısının sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və Prezidentin ehtiyat fondundan bu məqsəd üçün ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Hazırda Fondda 113,8 mln. manat vəsait toplanıb ki, bunun da 7,4 mln. manatı vətəndaşlar tərəfindən ianə edilib. Pandemiyanın mənfi təsirlərinin azaldılması ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Koronavirusla mübarizə büdcəsi 4 mlrd. manat olmaqla ÜDM-in 5,5%-ni, o cümlədən qeyri-neft ÜDM-in 7,9%-ni, büdcə xərclərinin isə 15,2%-ni təşkil edir. Konoravirusla mübarizə çərçivəsində məşğulluq və sosial rifahın dəstəklənməsinə 610 mln. manat, səhiyyə məqsədlərinə 754,2 mln. manat, iqtisadi artım və sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə 1,1 mlrd. manat, verilmiş kredit portfeli üzrə 1,5 mlrd. manat, beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsinə 39,3 mln. manat vəsait xərclənib”.
C. Osmanov qeyd edib ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində formalaşmış iqtisadi və hərbi potensial Zəfərin əldə olunmasını şərtləndirib: “Gənclər milli ruhda yetişdirilib, Ordunun təşkilat-ştat strukturu təkmilləşdirilib, hərbi qulluqçuların sosial-məişət şəraiti və maddi vəziyyətləri yaxşılaşdırılıb, yeni poliqonlar tikilib, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə mülki vətəndaşlar işə cəlb olunub, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislər qəbul edilib, ölkə daxilində və xaricdə təşkil edilmiş təlimlərdə iştirak təmin olunub. Bu aspektdə Azərbaycanın regionda ən böyük müdafiə büdcəsinə malik olması, müasir dövrün çağırışlarına cavab verən, yeni texnologiyalarla hazırlanmış müdafiə məmulatlarının alınması, Azərbaycanda 1000-dən artıq müdafiə təyinatlı məmulatların istehsal edilməsi, Azərbaycanın aerokosmik ailəyə daxil olması və ölkədə ADEX Müdafiə Sənayesi sərgilərinin təşkili də qeyd olunmalıdır. Türkiyə başda olmaqla, aparıcı dövlətlərlə hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Məhz görülən işlər, xarici siyasət və beynəlxalq əməkdaşlıq platformalarında Azərbaycanın layiqli yerini tutması, formalaşdırılmış iqtisadi və hərbi potensialın nəticəsi olaraq 2016-cı ildə artıq Azərbaycan Ermənistanın təxribatına cavab olaraq Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələ təpə yüksəkliyini azad edib, 2018-ci ildə Günnüt zəfəri qazanılıb. 44 Günlük Vətən müharibəsi isə Azərbaycanın Zəfər yürüşü olub, şanlı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Prezident İlham Əliyevin siyasətinin hər zaman qələbə və inkişafa hədəfləndiyi bir daha təsdiqini tapıb”.


Tarix: 24-07-2021, 15:05


Bölməyə aid digər xəbərlər